“Ermənistanda qarşıdan gələn seçkilər fonunda Rusiyanın hərbi və siyasi təsir imkanlarından istifadə etməsi ehtimalı regionda gərginliyin artmasına səbəb ola bilər”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Kremlin məqsədi Paşinyanın qərb meyilli siyasətini neytrallaşdırmaq və ölkədə maksimum təsir əldə etməkdir:
”Son illərdə Paşinyanın ABŞ ilə yaxınlığı, Vaşinqtonla Tramp yolunun keçdiyi ərazini 99 illik icarəyə verməsi, çip texnologiyası və enerji təhlükəsizliyi sahələrində ortaq layihələr həyata keçirməsi Kremlin əsəblərini gərginləşdirib.
Ermənistanın Azərbaycanla sülhə yaxınlaşması və Türkiyə ilə münasibətlərin normallaşması Moskvanın maraqlarına ziddir. Paşinyan faktiki olaraq böyük Ermənistan ideyasından imtina edərək yeni Ermənistan ideyasını qəbul edib və bu çərçivədə ölkədəki kilsənin mövqeyini zəiflədərək dövlətə tabe etmə siyasətini uğurla davam etdirir. Bu isə Kremlin regional təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Bütün bu səbəblərdən Kremlin ehtimal olunan strategiyası Paşinyana qarşı bütün müxalif qüvvələri birləşdirərək onun hakimiyyətinə təzyiq göstərməkdir. Lakin mən hesab edirəm ki, Rusiyanın bu təşəbbüsləri uğur qazana bilməyəcək. ABŞ və qərb dəstəyi ilə Paşinyan seçkilərdə qələbə qazanacaq və hakimiyyətdə qalması indiki mərhələdə həm Bakı, həm də Ankara üçün məqbuldur. Faktiki olaraq, Paşinyanın qalması regionda diplomatik balansın qorunmasına xidmət edir və dolaşıq şəkildə də olsa ABŞ və Qərb tərəfindən dəstəklənir.
Kremlin maksimum müdaxiləsinə baxmayaraq, Ermənistanın qərb meyilli siyasəti, Azərbaycan və Türkiyə ilə normallaşan münasibətləri, həmçinin daxili struktur islahatları Paşinyanın mövqeyini möhkəmləndirir. Bu seçkilərin nəticələri yalnız Ermənistan üçün deyil, bütövlükdə regionda sülhün qorunması və stabilliyin davamı baxımından da mühüm əhəmiyyət kəsb edir”.