"Sağlamlıq ucuz məhsula qurban verilməməlidir" - EKSPERT DANIŞDI

20 Fevral 2026 13:36 (UTC+04:00)

"Ölkəmizdə qida təhlükəsizliyi məsələsi artıq uzun müddətdir müzakirə olunan ciddi problemlərdən biridir. Müxtəlif sahələrdə qida ilə bağlı risklər müşahidə olunur və bu, cəmiyyət üçün real təhlükə yaradır".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, çox sadə bir həqiqət var: bu gün ucuz görünən qida sabah daha bahalı sağlamlıq problemi ilə nəticələnə bilər. İnsanlar məhsulu ucuz olduğuna görə alır, lakin onun keyfiyyəti, saxlanma şəraiti və mənşəyi barədə maraqlanmırlar. Nəticədə isə sağlamlıqlarını risk altına atırlar: "Digər mühüm məsələ nəzarətsiz satış nöqtələridir. Xüsusilə yol kənarlarında, metro qarşılarında və bəzi həyət marketlərində etiketsiz, markalanması olmayan, saxlanma şərtlərinə əməl edilməyən məhsullar satılır. Soyuq zəncir qaydalarına əməl olunmadan saxlanılan ət, toyuq və balıq məhsulları, kolbasa və sosislər, açıq şəkildə satılan ev istehsalı turşular, süd və süd məhsulları ciddi təhlükə mənbəyidir.

Bəzən bir satıcının eyni anda müxtəlif qidalara toxunaraq gigiyenik qaydalara əməl etmədən xidmət göstərməsi yoluxma riskini daha da artırır. Bu problemləri yalnız aidiyyəti qurumların, məsələn, Qida Təhlükəsizliyi Agentliyinin üzərinə atmaq düzgün olmaz. Əlbəttə, dövlət nəzarəti vacibdir. Lakin burada istehsalçının vicdanı, satıcının məsuliyyəti və istehlakçının diqqəti eyni dərəcədə önəmlidir.

İstehlakçı aldığı məhsulun üzərində markalanmanın olub-olmadığını, yararlılıq müddətini və saxlanma şəraitini yoxlamalıdır. Üzərində tarix olmayan, silinmiş və ya şübhəli görünən məhsulu alıb sonradan şikayət etmək düzgün yanaşma deyil. İnsan öz sağlamlığına qarşı da məsuliyyət daşıyır. Ucuz məhsul hər zaman keyfiyyətli məhsul demək deyil. Əksinə, çox vaxt ucuzluq keyfiyyətsizliyin və potensial təhlükənin göstəricisi olur.

Digər ciddi problem regionlarda nəzarətin zəifliyidir. Böyük şəhərlərdə reydlər və cərimələr müəyyən qədər vəziyyəti tənzimləyir. Lakin bəzi region bazarlarında vəziyyət ürəkaçan deyil. Qeyri-rəsmi heyvan kəsim yerləri, baytar nəzarətinin olmaması və “kənd məhsuludur” adı ilə satılan ət və quş əti avtomatik olaraq təhlükəsiz demək deyil.
Əgər həmin məhsul baytar yoxlamasından keçməyibsə və sanitar qaydalara əməl olunmayıbsa, onun kənddən gəlməsi heç bir zəmanət vermir. Yekun olaraq demək olar ki, qida təhlükəsizliyi təkcə dövlət nəzarəti məsələsi deyil, cəmiyyətin ortaq məsuliyyətidir. Həm nəzarət gücləndirilməli, həm də maarifləndirmə işi artırılmalıdır. İnsan öz sağlamlığına biganə qalmamalıdır".