"Serbiya öz regionunda strateji əhəmiyyətə malik ölkədir. Həm nəqliyyat və logistika baxımından, həm də ticarət əlaqələri kontekstində mühüm mövqe tutur".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, eyni zamanda enerji sahəsində - xüsusilə qaz və neft nəqli istiqamətində - Azərbaycanla Serbiya arasında perspektivli və iri həcmli layihələrin imzalanması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir: "Serbiya slavyan ölkələri arasında Avropada ən fəal dövlətlərdən biri hesab olunur. Azərbaycan üçün isə Serbiya əlavə olaraq Avropaya açılan mühüm qapı rolunu oynayır. Bu amil iki ölkə arasında iqtisadi və strateji əməkdaşlığın genişlənməsinə real zəmin yaradır.
Siyasi müstəvidə də ölkələrimiz arasında ciddi yaxınlıq mövcuddur. Yeni dünya düzəninə baxış, beynəlxalq proseslərə yanaşma və regional məsələlərdə mövqelərimizin üst-üstə düşməsi strateji tərəfdaşlığın möhkəmlənməsini şərtləndirir. Bu baxımdan, qarşılıqlı etimad və siyasi dialoq münasibətlərin davamlı inkişafına xidmət edir.
Həm siyasi, həm iqtisadi, həm də nəqliyyat və infrastruktur layihələri sahəsində baxışlarımızın uyğunluğu Azərbaycan-Serbiya münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyini göstərir. Qarşılıqlı anlaşma və ortaq maraqlar əməkdaşlığın dərinləşməsi üçün əlverişli şərait formalaşdırır və münasibətlərin uzunmüddətli perspektivdə strateji müstəviyə yüksələcəyini təsdiqləyir".