Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 20-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
SİA xəbər verir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki ölkəni birləşdirən ortaq İslam dəyərləri, tarixi-mədəni bağlar və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.
Komitə sədri ölkəmizdə həyata keçirilən dövlət-din siyasətinin əsas prioritetləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanda dini etiqad azadlığının təmin olunması, konfessiyalararası harmoniyanın qorunması, eləcə də sağlam dini maarifləndirmə işinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasındadır.
Səfir İssam bin Saleh əl-Cuteyli Azərbaycanın regionda mühüm tərəfdaş olduğunu vurğulayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, İrşad və Dəvət Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Erməni işğalı zamanı İslam abidələrinə qarşı törədilən vandalizm aktlarının dini-mədəni irsə vurulan ağır zərbə olduğu vurğulanıb.