Gəncədə ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

20 Fevral 2026 13:15 (UTC+04:00)

Gəncə şəhəri, Ə.Əliyev küçəsində Vüqar İlqar oğlu Hacıyevə məxsus çayxanada nəzarət tədbiri keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Obyektdə qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialdan üzlənmədiyi, alət və avadanlıqların təmiz saxlanılmadığı, istifadə edilən suyun filtrasiya olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin qurulmadığı aşkarlanıb. Bundan başqa, sanitariya-gigiyena normalarına zidd digər nöqsanlar da qeydə alınıb.

Faktla bağlı obyektin sahibkarı barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib və icrası məcburi göstərişlər verilib.