"Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına ilk dəfə qalib ölkənin rəhbəri kimi qatılması zamanı yaradılan informasiya səs-küyü məqsədli idi". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisini işğaldan azad edən və suverenliyini bərpa edən bir ölkənin insan haqları məsələləri ilə sorğulanması siyasi ikili standartdır. Suriyada fəaliyyət göstərən kürd hərəkatının lideri Məzlum Abdi ilə görüşən bir çox dövlət başçılarına oxşar suallar verilməyib, lakin Birinci xanım Mehriban Əliyevaya fərqli suallar verilib. Qlobal media qurumları və QHT şəbəkələri indi geopolitikanın bir vasitəsi kimi istifadə olunur. “Azadlıq” və “Amerikanın səsi” radioları ABŞ Konqresi tərəfindən, BBC Britaniya hökuməti tərəfindən maliyyələşdirilir, "Reuters" isə maliyyələşməni açıq göstərmir.
Emin və Mehman Hüseynov tərəfindən yayılan informasiya kampaniyaları Azərbaycan qadınlarının və dövlətinin mənəvi gücü qarşısında heç bir təsir göstərməyib".