"Azərbaycanda hakim çatışmazlığı problemi sahibkarlar üçün ciddi çətinlik yaradıb".
SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, hakimlərin sayı kifayət qədər deyil və onlar gün ərzində 10-15 işə baxmaqla müraciət edənlərin şikayət yükü altında əzilməkdədirlər: "Bu, işlərin tam və düzgün qiymətləndirilməsinə imkan vermir. Bu durum, xüsusilə bank girovu ilə bağlı məsələlərdə sahibkarların problemlərini artırır. Bir çox hallarda girov qoyduqları əmlakın vəsaitini ödədikdən sonra banklar əmlakı girovdan çıxarmır və sahibkar yenidən məhkəməyə müraciət etməli olur.
Bakı şəhərində yarımçıq qalmış çoxmərtəbəli binaların tamamlanması üçün sahibkarlara ciddi dəstək göstərilməsi vacibdir. Bəzi sahibkarlar müflisləşib və bank kreditlərinə ehtiyac duyur, bəziləri isə yeni sərmayədarların qoşulması ilə layihəni tamamlamalıdır. Bu il ərzində artıq bu problemlər növbəti ilə qalmamalıdır. Sahibkarların qarşılaşdığı çətinliklərin bir qismi məhkəmə prosedurlarından qaynaqlanır. Girov qoyduqları əmlakın ödənişindən sonra belə bankların bəzən əmlakı geri vermədiyini və sahibkarların yenidən məhkəməyə müraciət etməli olduğunu deputat qeyd edib.