"Rəhbər dəyişiklikləri idarəetmənin normal prosesinə daxildir, lakin bu, qurumda dərhal genişmiqyaslı kadr dəyişikliyi aparılmasını tələb etmir".
SİA-nın verdiyi məlumata görə, bu sözləri deputat Müşfiq Cəfərov Milli Məclisin yaz sessiyasının plenar iclasında bildirib.
Onun sözlərinə görə, yeni təyin olunan rəhbər mövcud mexanizmləri icra etməli, təsdiqlənmiş fəaliyyət planı, strateji xətt və institusional struktur şəxsi baxışlardan asılı olaraq köklü şəkildə dəyişdirilməməlidir: "Yalnız fərdi baxış səbəbilə yüksək nəticə göstərən peşəkar kadrların dəyişdirilməsi institutların stabilliyinə mənfi təsir göstərir. Dövlət idarəçiliyi şəxslərdən asılı olmamalı, sistem üzərində qurulmalı, rəhbər dəyişikliyi isə menecer dəyişimi kimi qiymətləndirilməlidir. Struktur sabitliyi, kadr qərarlarının əsaslandırılması və aparılan dəyişikliklərin məqsədəuyğunluğu da qiymətləndirilməlidir. Qərarlar şəxsi yanaşmalara deyil, obyektiv göstəricilərə və dövlət maraqlarına əsaslanmalıdır. Bu yanaşma dövlət idarəçiliyində stabilliyi, peşəkarlığı və uzunmüddətli effektivliyi gücləndirəcək".