"Müasir dövrdə gənclərin xaricə üz tutması qlobal miqyasda müşahidə olunan sosial prosesdir və bu tendensiya Azərbaycan cəmiyyətində də müxtəlif aspektlərdən özünü göstərir. Bu məsələni yalnız iqtisadi faktorlarla izah etmək doğru olmaz. Burada iqtisadi, sosial, mədəni, psixoloji və qlobal informasiya axınları ilə bağlı səbəblər paralel şəkildə rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq, sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, ilk növbədə iqtisadi amillər diqqəti cəlb edir: "Gənclər daha yüksək əməkhaqqı, geniş karyera imkanları və sosial təminat baxımından daha sabit sistemlər axtarırlar. İnkişaf etmiş ölkələrdə əmək bazarının şəffaflığı, meritokratiya prinsiplərinin daha aydın işləməsi və peşəkar inkişaf üçün yaradılan mühit cəlbedici görünür. Xüsusilə ali təhsilli gənclər öz ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkdikdə, potensiallarını daha geniş platformada reallaşdırmaq istəyirlər. İkinci mühüm faktor təhsil imkanlarıdır. Xarici universitetlərin elmi bazası, beynəlxalq diplomların tanınması və tədqiqat mühitinin daha inkişaf etmiş olması gəncləri cəlb edir. Bu baxımdan Avropa ölkələri, ABŞ və Türkiyə istiqamətləri daha populyar olur. Təhsil üçün gedənlərin bir qismi geri qayıtsa da, müəyyən hissəsi həmin ölkələrdə qalaraq əmək bazarına inteqrasiya edir. Sosial-mədəni amillər də az rol oynamır. Qloballaşma və sosial şəbəkələrin təsiri nəticəsində gənclər fərqli həyat tərzlərini, azadlıq anlayışını, fərdi inkişaf imkanlarını daha yaxından izləyirlər. Onlar özlərini daha açıq, tolerant və rəqabətli mühitdə sınamaq istəyirlər. Bəzi hallarda cəmiyyət daxilində sosial lift mexanizmlərinin zəif işlədiyi düşüncəsi də miqrasiya meylini gücləndirir.
Psixoloji faktorları da nəzərə almaq lazımdır. Gənclik dövrü özünü təsdiq, müstəqillik və identiklik axtarışı mərhələsidir. Xaricə getmək bir çox hallarda risk, macəra və özünü sınamaq imkanı kimi qəbul olunur. Bu, xüsusilə böyük şəhərlərdə yaşayan və qlobal mədəniyyətə daha açıq olan gənclər arasında geniş yayılıb. Eyni zamanda qeyd edilməlidir ki, miqrasiya hər zaman mənfi hadisə kimi qiymətləndirilməməlidir. Əgər dövlət düzgün diaspor siyasəti və geri dönüş mexanizmləri formalaşdırarsa, xaricdə təhsil və təcrübə qazanan gənclər sonradan ölkənin inkişafına töhfə verə bilərlər. Problem o zaman yaranır ki, “beyin axını” davamlı xarakter alır və ölkə insan kapitalını itirir. Gənclərin xaricə üz tutması təkcə maaş məsələsi deyil; bu, sosial ədalət gözləntiləri, peşəkar inkişaf ehtiyacı, təhsil keyfiyyəti, qlobal mədəni təsir və fərdi özünüreallaşdırma arzusu ilə bağlı kompleks sosial prosesdir. Bu meyli azaltmaq üçün ölkə daxilində rəqabətli iqtisadi mühitin, şəffaf idarəetmənin və gənclərə real perspektivlərin yaradılması əsas şərtlərdən biridir".