Süni intellektin yüksəldiyi dövrdə din, milli-mənəvi dəyərləri necə qoruyur? - QURUMDAN AÇIQLAMA

20 Fevral 2026 10:21 (UTC+04:00)

Müasir dövrdə süni intellekt və texnologiya həyatımızın hər sahəsinə nüfuz edir, insanları informasiya axını və virtual reallıqlarla əhatə edir. Belə sürətli dəyişikliklər mənəviyyatın və milli-mənəvi dəyərlərin zəifləməsi təhlükəsini yaradır. Bu baxımdan din, insanlara əxlaqi istiqamət verir, ənənələri qoruyur və cəmiyyətin mənəvi dayağı rolunu oynayır.

SİA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, cəmiyyətin sosial-mənəvi dəyərlərinin qurulmasında dinin rolu xüsusi önəm daşıyır:

“Din fərdi mənəvi dünyanın formalaşmasında mühüm rol oynayır. İnsanların əxlaqı, həyat tərzi və mənəviyyatı üçün dinin vacib göstəriciləri və faydaları vardır.
Mənəvi və sosial dəyərlər insan həyatını və cəmiyyətin strukturlarını formalaşdırmaqda əsas amil kimi çıxış edir. Bu baxımdan, din əxlaqa, mənəviyyata və tərbiyəyə nəzarət vasitəsi olaraq qiymətləndirilir.

Dini inanca sahib olan hər bir insan yalnız formal ibadətlərlə kifayətlənməməli, həm də əməllərində dürüstlük, paklıq və halallığı nümayiş etdirməlidir. İnsan Allahına, Peyğəmbərinə və Quranına qəlbən inanmalı, əqidəsini gündəlik həyatına tətbiq etməlidir. Belə yanaşma dini mənəvi dəyərlərin yalnız nəzəri olaraq qalmamasını təmin edir.
Müasir dövrdə texnologiya və qloballaşmanın dini-mənəvi həyat üzərində həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Süni intellekt və digər texnoloji vasitələr insan həyatını formalaşdırmaqda müxtəlif xidmətlər göstərsələr də, onların istifadəsi insanın öz əxlaqi qərarlarından asılıdır. Elmdən və texnologiyadan layiqincə istifadə etməklə, insanlar Allahın buyurduqlarına uyğun həyat tərzi seçə bilərlər.
Din və Quranın tövsiyələrinə əməl edən insanlar bir-birinin hüquqlarına hörmət göstərir, ədaləti qoruyur və cəmiyyətdə ədalətsizliyin qarşısını alır. Dinsiz həyat mümkün deyil; dini əqidə ilə yaşamaq cəmiyyətin rifahını təmin edir, formalaşan nəsillər isə ədəb-əxlaq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu isə qan tökülməsinin, müharibələrin və insan haqlarının tapdalanmasının qarşısını alır.
Din insanları mənfi əməllərdən qoruyur və Allahın, Quranın və Peyğəmbərin çağırışına əməl etməyə dəvət edir. Allahın qüdrəti və mərhəməti ilə insanlar haqq yoluna yönəlir və cəmiyyətin rifahı təmin olunur. Xüsusilə Ramazan ayında, insanların mənəvi dəyərlərə diqqət yetirməsi və Allahın hidayətinə uyğun yaşaması xüsusi önəm kəsb edir”.