Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materiallar davam etdirilir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mütəxəssisi Gülnarə Ağayeva müsahibəsində bildirib ki, Birinci Türkoloji Qurultay türkologiya tarixində, Türkiyə-Rusiya münasibətlərində, Türküstan xalqlarının gələcəyində dönüş nöqtəsi olub.
“Qurultayda Türkiyə ilə Rusiyanın əməkdaşlığı, Qərbə qarşı çıxaraq, Şərq xalqları arasında geniş əməkdaşlıq qurmaq məsələləri və “Şərq məktəbi” adlı akademiya yaratmaqla buna təşəbbüs göstərməyə cəhd etməkləri xüsusi vurğulanıb. Türkiyə mətbuatında mərkəzi Ankarada olan və 1922-ci ilin martında Anadoluda Şərq məktəbinin açılması və Asiya ölkələrinə təyinatlı məmurların getdikləri yerlər haqqında təlim alması ilə bağlı xəbərlər türk alimləri tərəfindən Qurultayda bildirilib. Qurultayda bəziləri bu təşəbbüsün maddi cəhətdən zəif bir ölkə üçün ağır, hətta lazımsız olduğunu iddia etsə də, bəziləri bunu ciddi hesab edərək, Xarici İşlər Nazirliyinin tərkibində Şərq məktəbinin yaradılacağı, hüquq, ticarət və konsulluq kurslarının tədris olunacağı fikrini dəstəkləyib. Birinci Türkoloji Qurultayın iştirakçıları Türk dünyası üçün dost Şərq xalqları ilə münasibətləri genişləndirərək, maarifçilik mənbəyi olacaq böyük, ortaq universitetin yaradılması ideyası irəli sürüblər. Bu ideya böyük dəstək qazanıb”, - deyə Gülnarə Ağayeva vurğulayıb.
Müsahibimiz qeyd edib ki, Qurultayda türk xalqlarının Şərq xalqları ilə inteqrasiya etməsi məqsədilə Şərq məsələləri üzrə mütəxəssislər yetişdirmək qərara alınıb: “Birinci Türkoloji Qurultayın iştirakçılarına məlum idi ki, Türk dünyasının Şərq xalqlarının dil və intellektual cəhətləri ilə yaxından tanış olması nəticəsində çox böyük uğurlara nail olunacaq. Qurultayda Şərq məsələləri üzrə mütəxəssislər hazırlamaq üçün xüsusi elmi-tədqiqat müəssisələrinin yaradılması fikri böyük çoxluq tərəfindən dəstəklənib.
Türk dünyasının şərqşünaslığa dair əsərləri Birinci Türkoloji Qurultaydan sonra alimlər tərəfindən daha geniş şəkildə tədqiqat obyektinə çevrilib”.