Ünvanlı sosial yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 2 dəfə artıb - QURUMDAN AÇIQLAMA

19 Fevral 2026 16:23 (UTC+04:00)

Ölkəmizdə aparılan güclü sosial siyasət aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlərin həyata keçrilməsini təmin edir.

SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələrlə bağlı ünvanlı dövlət sosial yardımı proqramı icra edilir. Qeyd edək ki, son illərdə ölkəmizdə reallaşdırlan sosial islahatlar çərçivəsində bu sosial yardım proqramı da təkmilləşdirilib və əhatəsi genişlənib.

Ünvanlı sosial yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 2 dəfəyə yaxın artaraq 2026-cı ilin 1 yanvar tarixinə 76,1 min ailə (336 min nəfər ailə üzvü) təşkil edib. Ünvanlı yardımın təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiqlənən ehtiyac meyarı 2018-ci ilə nisbətən 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bu yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 2018-ci ilə nisbətən 2,4 dəfə artaraq 175 manatdan 422 manata çatıb.
Prezident İlham Əliyevin Sərəncamına əsasən 2026-cı ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrə - 76 103 ailənin hər birinə (337932 nəfər ailə üzvü) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 200 manat birdəfəlik maddi yardım da verilib.