“Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” inkubasiya “Demo Day” tədbiri keçrilib - YENİLƏNİB

19 Fevral 2026 15:48 (UTC+04:00)

ASAN xidmət tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi ölkədə innovasiya və startap ekosisteminin inkişafına yönəlmiş strateji təşəbbüslərdən biri kimi əhatə dairəsini mərhələli şəkildə genişləndirməkdədir.

SİA xəbər verir ki, 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin icraçılığı ilə layihənin IV “TUSİ” inkubasiya proqramı çərçivəsində təşkil olunan “Demo Day” tədbiri keçrilib. Tədbir bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımların növbəti nümunəsi olub.

Layihənin əsas məqsədi innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, ali təhsil mühitində innovativ fəaliyyətin təşviqi və tələbələrin yaradıcı, tədqiqatçı və təşəbbüskar bacarıqlarının inkişaf etdirilməsidir. Bu kontekstdə tələbələrin innovativ ideyalarının sistemli şəkildə formalaşdırılması, onların ixtiraçılıq və startap fəaliyyətinə cəlb olunması layihənin prioritet istiqamətləri sırasında yer alır. Sözügedən yanaşma bilik iqtisadiyyatına keçid prosesində insan kapitalının rolunu ön plana çıxaran müasir inkişaf modelləri ilə uzlaşır.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp şirkətinin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Rəsmi çıxışlarda layihənin təhsillə innovasiya arasında körpü rolunu gücləndirdiyi xüsusi vurğulanıb.

Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb. Bu sənəd ali təhsil müəssisələrində innovasiya ekosisteminin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonrakı mərhələdə qonaqlar startap komandalarının təqdim etdiyi layihələrlə tanış olub, IV “TUSİ” inkubasiya proqramını uğurla başa vuran 16 startap komandası ideyalarını münsiflər heyətinə təqdim edib. Qiymətləndirmə nəticələrinə əsasən ən yaxşı üç layihəyə İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olmaq imkanı yaradılıb, birinci yerin qalibi isə Take Off İstanbul startap sammitində iştirak hüququ qazanıb. Bu imkanlar yerli startapların beynəlxalq innovasiya platformalarına çıxışını təmin edən mühüm mexanizmlər kimi dəyərləndirilir.

Tədbir zamanı növbəti - V “TUSİ” inkubasiya proqramı barədə də ətraflı məlumat verilib. Proqram 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlimlər vasitəsilə iştirakçılara startapın qurulması, ideyaların strateji inkişafı və innovasiya ekosisteminə inteqrasiya istiqamətində geniş imkanlar yaradır.

2021-ci ildən bu günədək “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub, 3 mindən artıq tələbə tərəfindən 300-dən çox startap ideyası irəli sürülüb. Universitetlərdə hazırlanmış 130-dan artıq mentorun dəstəyi ilə 29 startap komandası formalaşdırılıb və “Demo Day” tədbirlərində təqdim olunub. Layihə çərçivəsində artıq fəaliyyət göstərən 4 startap tərəfindən ümumilikdə 310 000 AZN həcmində investisiya cəlb edilməsi təşəbbüsün real iqtisadi nəticələr verdiyini göstərir.

“Gələcək üçün bacarıqlar” layihəsi Azərbaycan üçün innovativ düşüncənin təşviqi, gənclərin rəqabətqabiliyyətli insan kapitalına çevrilməsi və dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından strateji əhəmiyyət daşıyan proqramlardan biri kimi çıxış edir.