Aqrar Sığorta Fondu 54 rayonda sığorta ödənişləri həyata keçirib

19 Fevral 2026 15:43 (UTC+04:00)

Ötən ilin nəticələrinə əsasən, Azərbaycanın 54 rayonunda, ümumilikdə, 9,2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Aqrar Sığorta Fondundan SİA-ya bildirilib ki, 2025-ci il bitkiçilik məhsulları ilə bağlı baş verən zərərlər üzrə ölkənin 51 rayonunda ümumi məbləği 8,8 milyon manat olan ödənişlər həyata keçirililib. Əvvəlki illə müqayisədə 2025-ci ildə Zərdab, Astara, Oğuz, Abşeron, Siyəzən, Xızı, Sabunçu və Cəbrayıl rayonlarında, eləcə də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında – Babək və Şahbuz rayonlarında sığorta ödənişləri edilib.

Eyni zamanda, 2025-ci ildə heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə Aqrar Sığorta Fondu tərəfindən 21 rayonda təsərrüfatlara sığorta ödənişləri həyata keçirilib. Heyvandarlıq təsərrüfatları üzrə ödənişlərin ümumi məbləği 400 min manat təşkil edib.

Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişlərinin davamlı artması və zərərləri qarşılaması nəticəsində fermerlərin aqrar sığorta mexanizminə marağı artmaqdadır.

Xatırladaq ki, aqrar sığorta mexanizmi bitkiləri təbiət hadisələri – dolu, fırtına, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair hadisələrdən qoruyur.

Kənd təsərrüfatı heyvanları isə yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, vəhşi heyvanların hücumu, ilan və həşərat sancması, yanğın, təbii fəlakətlər, avtomobillə vurma, qəza nəticəsində tələfolma, 3-cü şəxslərin hərəkətləri kimi risklərdən sığorta edir.

Fermerlərə dəstək üçün sığorta haqqının yarısını dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığortalaya bilirlər.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” və “Heyvandarlıq məhsulları” bölmələrində ətraflı tanış olmaq, sığorta haqqını isə “Bitkiçilik kalkulyatoru”“Heyvandarlıq kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.