"İkitərəfli münasibətlər davamlı inkişaf edir" - ŞƏRH EDİLDİ

19 Fevral 2026 14:50 (UTC+04:00)

"Azərbaycanla Serbiya arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsi hər iki ölkənin siyasi iradəsinin və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq niyyətinin bariz göstəricisidir. Əsas məqam siyasi əlaqələrin möhkəmləndirilməsi və bu münasibətlərin davamlı əsasda inkişaf etdirilməsidir".

Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, bu əlaqələr beynəlxalq platformalarda qarşılıqlı dəstək və həmrəylik formasında öz ifadəsini tapır, tərəflərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə hörmət mövqeyində üst-üstə düşməsi isə münasibətlərin strateji xarakter almasına zəmin yaradır: "Məhz bu qarşılıqlı etimad və ortaq baxışlar strateji tərəfdaşlığın daha da güclənməsinə xidmət edir. Strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu əməkdaşlığın institusional səviyyədə möhkəmləndirilməsinə, hökumətlərarası mexanizmlərin daha səmərəli işləməsinə və birgə təşəbbüslərin davamlı şəkildə reallaşdırılmasına imkan yaradır. Məqsəd əlaqələri sistemli və uzunmüddətli əsasda inkişaf etdirmək, mövcud potensialdan maksimum səmərə ilə istifadə etməkdir. Bu çərçivədə yeni layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi nəzərdə tutulur.

İqtisadi əməkdaşlıq sahəsində isə xüsusilə enerji və kənd təsərrüfatı prioritet istiqamətlər kimi çıxış edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı kimi, Serbiyanın enerji təhlükəsizliyinə də töhfə vermək niyyətindədir və bu istiqamətdə konkret layihələrin icrası üçün əlverişli zəmin formalaşıb. Bununla yanaşı, kənd təsərrüfatı, ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və biznes dairələri arasında birbaşa əlaqələrin qurulması əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmləndirir.

Bütövlükdə, Azərbaycan-Serbiya əlaqələri siyasi etimad üzərində qurulan və iqtisadi əməkdaşlıqla gücləndirilən davamlı tərəfdaşlıq modelinə doğru ardıcıl şəkildə inkişaf edir. Bu münasibətlər qarşılıqlı maraqlara əsaslanmaqla yanaşı, regional sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə də töhfə verən mühüm amil kimi çıxış edir".