Telefondan istifadə - rahatlıq yoxsa asılılıq? - SORĞU

19 Fevral 2026 14:50 (UTC+04:00)

Son illərdə smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ünsiyyətdən iş prosesinə, təhsildən əyləncəyə qədər bir çox sahədə telefon gündəlik ehtiyac vasitəsi kimi istifadə olunur. Lakin bu rahatlıqla yanaşı, telefondan həddindən artıq istifadə məsələsi də cəmiyyətdə müzakirə olunan mövzulardandır. İnsanlar telefondan əsasən hansı məqsədlərlə istifadə edir və bu istifadə onların həyatına necə təsir göstərir?

Mövzunun aktuallığını nəzərə alaraq SİA şəhər sakinləri arasında sorğu edib.

Şəhər sakini Ramazan Yusifov: “Telefondan istifadə edirəm, amma ağıllı smartfon deyil, daha sadə modeldən istifadə edirəm. Mənim üçün əsas məqsəd yaxınlarımla əlaqə saxlamaqdır - ailə üzvlərini, dostları və tanışları tez bir zamanda məlumatlandırmaq, soruşmaq və əlaqəni saxlamaq üçün telefon yetərlidir. Məlumat öyrənmək üçün isə əsasən televiziyaya baxıram. Düşünürəm ki, telefonda çox vaxt doğru olmayan və əsaslı olmayan məlumatlar yayıla bilər. Sosial şəbəkələrdə hər yazılan xəbərə inanmaq olmur və bunun insanın dünyagörüşünə mənfi təsiri ola bilər. Televiziyada məlumatlar daha dolğun, diqqətlə seçilmiş və təsdiqlənmiş formada təqdim olunur. Bundan əlavə, valideynlərin uşaqları sakitləşdirmək üçün onlara telefon verməsi mənə düzgün görünmür. Uşaqlar hələ düşüncəli və məsuliyyətli qərarlar qəbul edə bilmir, ona görə də belə davranış onların inkişafına və psixologiyasına mənfi təsir edə bilər. Düşünürəm ki, ailələr övladlarının texnologiyadan düzgün istifadə etməsini izləməli və onlara sərhəd qoymalıdır”.

Şəhər sakini Mehbarə Məmmədova: “Zaman dəyişib və artıq XXI əsrdə yaşayırıq. Məlumat almağın ən sürətli və əlçatan yolu telefonlardır. Günümüzdə xəbərləri, yenilikləri, sosial hadisələri əsasən telefon vasitəsilə izləyirik, çünki uzun məqalələri qəzet və ya jurnaldan oxumaq əvvəlki kimi rahat deyil. Mən şəxsən daha çox qısa məlumatlar üçün telefondan istifadə edirəm, çünki vaxt azdır və məlumat tez əldə olunmalıdır. Bununla belə, uşaqları telefondan tamamilə məhrum etmək olmaz. Onlar da texnologiyaya maraq göstərir və bu, artıq həyatın bir tələbi halına gəlib. Lakin uşaqların təhlükəsizliyini və sağlam inkişafını qorumaq üçün valideyn nəzarəti çox vacibdir - baxdıqları məzmunu izləmək, istifadə müddətini məhdudlaşdırmaq lazımdır. Mənim fikrimcə, əgər bu nəzarət düzgün həyata keçirilərsə, telefon həm məlumat mənbəyi, həm də öyrənmə vasitəsi kimi faydalı ola bilər”.

Şəhər sakini Elgün Mustafayeva: “Çalışıram ki, telefona az vaxt ayırım, amma etiraf etməliyəm ki, bu həmişə alınmır. Gün ərzində daha çox sosial şəbəkələrdə vaxt keçirirəm - dostlarla ünsiyyət, xəbərləri izləmək, maraqlı məlumatlar tapmaq və əyləncə üçün. Telefon mənim üçün həm məlumat mənbəyi, həm də sosial əlaqələri qorumaq vasitəsidir. Lakin bəzən bunun vaxt itkisi olduğunu da hiss edirəm. Sosial şəbəkələr insanı real həyatdan bir qədər uzaqlaşdırır, diqqəti yayındırır və vaxtı boşuna sərf etməyə sövq edir. Buna görə də çalışıram ki, balansı qoruyum - həm telefondan məlumat və ünsiyyət üçün istifadə edim, həm də real həyatdakı iş və münasibətlərimi unutmam”.

Səhər sakini Lalə Əliyeva: “Gün ərzində telefondan təxminən 3-4 saat istifadə edirəm. Əsasən dərs və öyrənmə, sosial şəbəkələr və gündəlik ünsiyyət üçün istifadə edirəm. Telefon həyatımızı çox asanlaşdırıb - bank əməliyyatlarından tutmuş ödənişlər, araşdırmalar, xəbərlər və dostlarla əlaqə saxlamağa qədər hər şeyi bir yerdə idarə etmək mümkündür. Amma hesab edirəm ki, həddindən artıq istifadə insanın həyat balansına mənfi təsir göstərə bilər. Telefonun çox istifadəsi real həyatda ünsiyyətin azalmasına, diqqətin yayılmasına və bəzən stressə səbəb olur. Ona görə də müəyyən vaxtlarda telefondan uzaq qalmağa çalışıram, eyni zamanda ailə və iş həyatını balansda saxlamaq üçün diqqətli olmağa çalışıram”.

Şəhər sakini Elman Vəliyev: “Gün ərzində telefonumdan əsasən iş, xəbərləri oxumaq və vaxtında məlumat almaq üçün istifadə edirəm. Əyləncə və sosial şəbəkələr yalnız qısa müddət üçün olur. Məncə, telefondan düzgün istifadə insanın həyatını asanlaşdırır, amma çox vaxt sərf etmək həm fiziki, həm də zehni sağlamlığa təsir göstərə bilər. Ona görə də telefon istifadəsini planlı və məqsədyönlü etmək lazımdır”.

Şəhər sakini Elmira Aynazlı: “Telefonu əsasən məlumat əldə etmək, dərs və araşdırma üçün, həmçinin sosial şəbəkələrdə yenilikləri izləmək və dostlarla əlaqə saxlamaq üçün istifadə edirəm. Gün ərzində təxminən 3-4 saat telefona vaxt ayırıram. Telefon həm həyatımızı asanlaşdıran vasitədir, həm də vaxt itkisinə səbəb ola bilər. Əsas məsələ vaxtın düzgün idarə edilməsidir - hansı məqsəd üçün istifadə edirik, nə qədər vaxt sərf olunur və bunun həyatımıza təsiri nədir. Düşünürəm ki, insanlar balansı qoruduqda telefon həm faydalı, həm də zəruri bir vasitə olur, amma həddindən artıq asılılıq yarandıqda psixoloji və sosial problemlərə yol açır”.