“Azərbaycanla-Serbiya münasibətləri bütün sahələrdə ardıcıl inkişaf edir“ - DEPUTAT DANIŞDI

19 Fevral 2026 13:10 (UTC+04:00)

“Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlər bütün sahələrdə ardıcıl şəkildə inkişaf etməkdədir”.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və Serbiya dövlət başçısı Aleksandr Vuçiçin iştirakı ilə Belqradda imzalanan yeni əməkdaşlıq sazişləri tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir:

“Son illər Bakı ilə Belqrad arasındakı əməkdaşlıq Bakı və Belqrad arasında enerji, nəqliyyat və investisiya sahələrindən başlayaraq indi artıq aqrar sektor və qida təhlükəsizliyi kimi strateji sahələri də əhatə edir. Bu inkişaf tərəflər arasında yüksək səviyyədə etimadın mövcudluğunu və uzunmüddətli iqtisadi planlaşdırmanın aparıldığını təsdiqləyir.

Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq kənd təsərrüfatı məhsullarının daha sürətli və səmərəli dövriyyəsini təmin etməyi hədəfləyir. Bu razılaşma Azərbaycan istehsalçıları üçün Balkan bazarına, Serbiya tərəfi üçün isə Cənubi Qafqaz və Xəzər hövzəsi bazarlarına çıxışı asanlaşdıracaq, məhsulların rəqabət qabiliyyətini artıracaqdır. Eyni zamanda, Serbiyanın Avropa bazarları ilə sıx ticarət əlaqələri Azərbaycanın qida sənayesi üçün yeni imkanlar yarada bilər.

Bütövlükdə, bu əməkdaşlıq yalnız ikitərəfli iqtisadi münasibətləri gücləndirməklə kifayətlənmir; o, həm də regional iqtisadi inteqrasiyanın və davamlı inkişafın təməlini qoyur. Qida təhlükəsizliyi, aqrar ixrac imkanları və logistika əlaqələrinin genişləndirilməsi nəticəsində tərəflər arasında iqtisadi əməkdaşlığın dayanıqlı mexanizmləri formalaşır”.