”Kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya ekosistemində rolu və onların inkişafının təmin edilməsi, müasir iqtisadiyyatın dayanıqlı inkişafında mühüm əhəmiyyət kəsb edir”.
SİA xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyyətinin sədri Orxan Məmmədov 19 fevral 2026-cı il tarixində ASAN xidmət tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbirində qeyd edib.
Onun sözlərinə görə, Kiçik və Orta Biznes İnkişaf Agentliyi ölkəmizdə startap ekosisteminin əsas iştirakçılarından birinə çevrilmiş və ilk fəaliyyət günündən etibarən startapçıların aşkarlanması, inkişaf etdirilməsi və təşviqi istiqamətində sistemli tədbirlər həyata keçirmişdir:
”Agentliyin əsas prioritetlərindən biri startapçıların bacarıqlarının artırılması və innovativ sahibkarlıq sahəsində tədris işlərinin genişləndirilməsidir. Bu məqsədlə müxtəlif xidmətlər, təlimlər və dəstək alətləri tətbiq olunmuşdur. Xüsusi vurğulanmalıdır ki, 2021-ci ildən etibarən təqdim olunan startap şəhadətnaməsi sahibkarlara üç il müddətinə innovasiya fəaliyyətindən əldə olunan gəlirlər üzrə mənfəət və gəlir vergisindən azadlıq imkanı yaradır. Eyni zamanda, startap şəhadətnaməsi həm yerli, həm də xarici investorların marağını artırır və startapların beynəlxalq bazarlara çıxışını asanlaşdırır.
Bu günə qədər 300-ə yaxın sahibkarlıq subyektinə startapçı şəhadətnaməsi təqdim edilmiş və bu dəstək mexanizminin gələcəkdə daha da genişlənəcəyi proqnozlaşdırılır. Komissiyanın fəaliyyəti nəticəsində startapçıların müraciətləri artmaqda və müxtəlif sektorlara yayılan maraq müşahidə olunmaqdadır.
Bundan əlavə, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elmi-tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi də Agentliyin əsas dəstək mexanizmlərindən biridir. Bu, innovasiya sahəsində fəaliyyət göstərən startap və KOB-ların maliyyə imkanlarını artırmaqla onların inkişafını sürətləndirir və innovativ ideyaların səmərəli tətbiqinə şərait yaradır.
Agentliyin tətbiq etdiyi dəstək mexanizmləri startap ekosisteminin möhkəmlənməsinə, sahibkarların fəaliyyət imkanlarının genişlənməsinə və innovativ təşəbbüslərin reallaşdırılmasına mühüm töhfə verir”.