İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.
SİA xəbər verir ki, bobsley, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, xizək ikinövçülüyü, xizək alpinizmi və sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.
Yarışın medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 33 (15 qızıl, 8 gümüş, 10 bürünc) mükafat qazanıb. İtaliya (9 qızıl, 5 gümüş, 12 bürünc) ikinci, ABŞ (7 qızıl, 11 gümüş, 6 bürünc) üçüncüdür.
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma slalom növündə mübarizə aparıb. İdmançı iki cəhdin yekununa əsasən 2:09:15 saniyə nəticə ilə 95 nəfər arasında 51-ci olub.
Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.