"Kadrların yenilənməsi sağlam idarəetmənin əsas elementidir" - MÖVQE

19 Fevral 2026 10:03 (UTC+04:00)

"Dövlət idarəçiliyi dinamik bir prosesdir və dinamika inkişafın əsas şərtidir. İstənilən sahədə kadrların yenilənməsi, rotasiyası və mərhələli şəkildə irəli çəkilməsi sağlam idarəetmə modelinin vacib elementlərindəndir. Uzun müddət eyni vəzifədə qalan və özünü inkişaf etdirməyən kadrların fəaliyyəti isə, əksinə, durğunluğa səbəb ola bilər".

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Xüsusilə aşağı vəzifələrdə çalışan şəxslər öz üzərində işləmirsə, təşəbbüskarlıq göstərmirsə və yeniliklərə açıq deyilsə, həmin sahədə real irəliləyişdən danışmaq çətinləşir. Buna görə də idarəetmə sistemində zaman-zaman kadr dəyişikliklərinin aparılması təbii və zəruri proses hesab olunur.

Müşahidələr göstərir ki, aşağı vəzifələrdə fəaliyyətə başlayan, özünü doğruldan, təşəbbüskar və çevik qərarlar verə bilən şəxslər mərhələli şəkildə daha yüksək vəzifələrə irəli çəkilirlər. Bu, həm təcrübənin toplanması, həm də müxtəlif sahələr üzrə idarəetmə bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təbii ki, hər kəs göstərilən etimadı doğrultmaya bilər. Prezidentin etimadını qazana bilməyən və ya vəzifəsində gözlənilən nəticəni nümayiş etdirməyən şəxslərlə bağlı müvafiq qərarlar qəbul edilir. Çünki dövlət idarəçiliyində əsas meyar nəticə, məsuliyyət və effektivlikdir.

Prezident İlham Əliyevin kadr siyasətinə diqqət yetirdikdə aydın görünür ki, özünü doğruldan, xalqla işləməyi bacaran, çevik və müasir idarəetmə prinsiplərinə uyğun fəaliyyət göstərən şəxslərə daha böyük səlahiyyət və məsuliyyət verilir. Onlara “yaşıl işıq” yandırılır və daha yüksək vəzifələrə təyin olunurlar. Əksinə, etimadı doğrultmayan, yerində sayan və ya geriləməyə səbəb olan şəxslərin irəli çəkilməsi ölkənin ümumi inkişafına mənfi təsir göstərə bilər. Bu səbəbdən kadr dəyişiklikləri təkcə formal proses deyil, ümumi inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.

Beləliklə, kadr siyasətinin əsas məqsədi idarəetmədə dinamikanı qorumaq, effektivliyi artırmaq və dövlətin inkişaf tempini davamlı şəkildə təmin etməkdən ibarətdir".