Serbiya Azərbaycanın Avropa məkanında hərtərəfli münasibətlərin inkişafına böyük önəm verdiyi geniş perspektivə malik ölkələrdəndir. Təqdirəlayiq haldır ki, liderlərin şəxsi dostluğu zəminində əlaqələr son illərdə daha da dərinləşərək strateji tərəfdaşlıq xarakteri alıb. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində yeni reallıqlar fonunda regional güc mərkəzi kimi çıxış edən Azərbaycan Serbiya ilə nəinki ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əlaqələr mühiti formalaşdıra bilib. Müasir çağırışlar və yeni dünya nizamının formalaşdırılması fonunda birgə fəaliyyətə dair yol xəritəsinin müəyyənləşdirilməsi, perspektivlərin dəyərləndirilməsi baxımından dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən yüksəksəviyyəli görüşlər mühüm rol oynayır. Fevralın 15-də Prezident İlham Əliyevin Belqrada rəsmi səfəri də əməkdaşlıqların yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün faydalı müzakirələrin aparılması və mühüm qərarların verilməsi ilə nəticələndi.
Azərbaycanla Serbiya arasında münasibətlər son illərdə siyasi, iqtisadi və enerji sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində keçirilən görüşlər, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası, eləcə də mətbuata verilən bəyanatlar Azərbaycan-Serbiya münasibətlərinin müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişləndirildiyini bir daha nümayiş etdirdi.
Keçirilən görüşlər zamanı tərəflər siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin vacibliyini qeyd edərək, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi barədə fikir mübadiləsi apardılar. İqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və biznes mühitinin inkişafı əsas müzakirə mövzuları sırasında yer aldı. Mətbuata verilən bəyanatlarda dövlət başçıları Azərbaycan və Serbiya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını qeyd etdilər, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin vacibliyini vurğuladılar. Humanitar və mədəni əlaqələrin inkişafı, xalqlar arasında təmasların genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi bildirildi. Prezident İlham Əliyevin dediyi kimi: _” Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Bilirəm ki, Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına nə qədər bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik.”_
Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır və alternativ mənbələrin şaxələndirilməsi siyasətini uğurla həyata keçirir. Serbiya üçün də etibarlı və sabit enerji tərəfdaşı ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər resurslarının Avropa bazarına çıxışı regionlararası inteqrasiyanın real iqtisadi bünövrəsinə çevrilib. Azərbaycan–Serbiya əməkdaşlığı Cənubi Qafqaz regionu ilə Balkan ölkələri arasında enerji körpüsünün formalaşması kimi qiymətləndirilə bilər. Bu əlaqələr enerji təhlükəsizliyi, nəqliyyat-logistika inteqrasiyası baxımından regionlararası əməkdaşlığın praktik modelini təqdim edir. Bakı ilə Belqrad arasında inkişaf edən strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibət deyil, həm də regional sabitlik, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıq üçün yeni platforma kimi çıxış edir.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı