"Dünyada baş verən proseslər bütün aktorlardan xarici siyasət prirotetlərini tamamilə və mütləq şəkildə dəyişməyi, yenidən formalaşdırmağı tələb edir. Belə ki, dünyada qüvvələr balansı dəyişdikcə yeni əməkdaşlıq formatları, qeyri-ənənəvi sazişlər üzə çıxır, gözlənilməyən, proqznozlaşdırılması çətin proseslərin şahidiyik. Kövrək dünya nizamında hər bir ölkə xarici olduğu qədər daxili təhdidlərlə də üz-üzə qalır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, planlaşdırılan əməkdaşlıqlarda orta güclər daha da önə çıxırsa, məhsulun iqtisadi milliyəti müəyyənləşdirilir: "Vuçiçin Azərbaycan məhsullarına diqqət çəkməsi də bu deməkdir.
Belə ki, dövlətlərin daxili siyasətinə amansız müdaxilələrin şahidiyik. Serbiya Prezidenti Aleksandr Vuçiçin son günlərdə ölkəsinin daxilinə nüfuz etməkdə bəzi xarici qurumları və ya təşkilatları günahlandırdığını görürük. O bildirir ki, insanları hökumətə qarşı çıxmağa və onu devirməyə öyrətdiyinə görə əldə kifayət qədər dəlillər var. Münxen Təhlükəsizlik Konfransında Vuçiç beynəlxalq sistemi və aktorları tənqid etmişdi və bildirdi ki, sülhə nail olmaq üçün çalışmaq yerinə, qeyri-müəyyən dünya nizamının qorunmasına çalışırlar.
Bu istiqamətdə qeyd olunmalıdır ki, liderlər sadəcə sülhün bərqərar olması üçün çalışmalı deyillər, həm də onu necə əldə etmək haqqında həll variantları axtarmalıdırlar. Xarici və daxili siyasətdə üzləşdiyi təhdid və təzyiqlər fonunda Serbiya güvənə biləcəyi bir aktor axtarır, belə bir siyasi liderə ehtiyac duyulur ki, bunu Azərbaycanın, onun Liderinin simasında tapır. Bu gün heç bir qaydanın tətbiq olunmadığı bir nizamda yaşayırıq və belə bir nizamda sülhü gətirmək son dərəcə çətindir. Bu çətinliyin öhdəsindən cənab Prezident İlham Əliyev gəlməyi bacarır. Həm də o dövrdə ki, qlobal maraqlar insan həyatı ilə deyil, resurslarla diktə olunur. Serbiyanın Türkiyə ilə münasibətləri dərinləşdirməyə meyil göstərdiyinin şahidiyik. Habelə, Türkiyənin Ərəb dünyasında və Yaxın Şərqdə artan nüfuzu Serbiyanı məcbur edir ki, Türkiyə və Azərbaycanla münasibətləri müsbət saxlasın.
Bu gün kommersiya mənfəətlərinə önəm verilir və bu istiqamətdə Serbiyanın Azərbaycan məhsullarını idxal etməkdə son dərəcə maraqlı və qətiyyətli olduğunu görürük. Serbiya siyasi və iqtisadi maraqlarını qorumaq üçün intensiv beynəlxalq fəaliyyət göstərir ki, bu istiqamətdə Azərbaycana pənah gətirir. Serbiya enerji təchizatını Rusiyadan uzaqlaşdırır və Avropa Birliyinin alış mexanizmi vasitəsilə təbii qaz almaq üçün Avropa İttifaqından təzyiqlər görür, bu təzyiqlər və rəqabət fonunda Serbiya siyasəti uğurla aparan Azərbaycan Liderini seçir. Serbiya Bolqarıstan vasitəsilə Azərbaycandan qaz alır və Serbiyanın Yunanıstandan mayeləşdirilmiş təbii qaza çıxışını təmin edəcək Şimali Makedoniyaya qaz kəmərinin tikintisinə bu il başlanılmalıdır. Serbiya ilə qonşu Rumıniyanı birləşdirən neft kəmərinin 2027-ci ildə başa çatması gözlənilir. Bu istiqamətdə Serbiya Azərbaycanla münasibətlərini dərinləşdirmək yolunu tutur.
Bu isə Azərbaycanın artan rolu ilə bağlıdır. Habelə, Azərbaycan-Çin münasibətləri bəllidir. Bu baxımdan Vuçiç Ankaraya səfərindən sonra Çin xariclər işlər naziri ilə görüşməyi də planlaşdırır.
Habelə, Vuçiçin səfər trayektoriyasında Hindistana səfər də var. Burada sünni intellekt sammitində iştirak planlaşdırılır. Serbiya ən qısa zamanda qabaqcıl robotexnika və avtomatlaşdırma sahəsinə daxil olmağı hədəfləyir.
Bu baxımdan da Azərbaycan Serbiyaya lazım olan tərəfdir. Habelə, Serbiya Balkanlarda yaranan hərbi ittifaqdan son dərəcə narahatdır. Bu istiqamətdə Türkiyəyə ümid edir.
Serbiya formalaşan yeni təhdid və təhlükələr fonunda sülh və sabitliyə hər zamankından daha çox ehtiyac duyur. Müasir dünyada müəyyən prinsiplərə əməl olunmadığı reallığında Azərbaycan Serbiyaya lazımlı bir tərəfdaşdır. Xarici siyasətdə fundamental dəyişiklikliyin müşahidə olunduğu bir zamanda Azərbaycan və Serbiya arasında dərinləşən münasibətlər bütün tərəflərə əməkdaşlıq təklif edir. Əməli addımlarla sülhü sübut etməli və təsdiqləməli olduğumuzu bir daha göstərir. Belqrad və Bakı birbaşa uçuşlar planlaşdırır, eləcə də bu uçuşlar Tbilisi arasında da planlaşdırılır. Serbiya Şərqə doğru tərəfdaşlıqları genişləndirmək və Azərbaycanla da əlaqələri gücləndirmək istəyir. Serbiya və Azərbaycan dünya nizami ilə bağlı ortaq baxışa və fikrə malikdir".