Azərbaycan–Serbiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib ŞƏRH

18 Fevral 2026 16:53 (UTC+04:00)

15 fevral tarixində Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişaf trayektoriyası növbəti dəfə diqqət mərkəzinə çevrildi. İlham Əliyev və Aleksandr Vuçiç mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasındakı strateji tərəfdaşlığın mahiyyətini və gələcək istiqamətlərini ictimaiyyətə çatdırdılar. Prezident İlham Əliyevin çıxışı isə həm siyasi məzmunu, həm də verdiyi açıq mesajlarla xüsusi diqqət çəkdi.

Dövlət başçısı ilk növbədə Azərbaycan–Serbiya münasibətlərinin möhkəm dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğuladı. Bu münasibətlər təsadüfi deyil, illərdir formalaşan siyasi etimadın və qarşılıqlı dəstəyin nəticəsidir. Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda ölkələrin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini xüsusi qeyd edərək bunun prinsipial mövqe olduğunu bildirdi. Bu mesaj, əslində, Azərbaycanın xarici siyasətinin əsas xəttinin – beynəlxalq hüquqa söykənən ədalətli mövqenin – bir daha ifadəsi idi.

Çıxışın mühüm hissəsi iqtisadi əməkdaşlıqla bağlı oldu. Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu diqqətə çatdırdı və Serbiya ilə enerji sahəsində əməkdaşlığın artıq real nəticələr verdiyini bildirdi. Bu, təkcə ikitərəfli münasibətlərin deyil, həm də daha geniş coğrafiyada sabitliyin və tərəfdaşlığın göstəricisidir. Azərbaycan etibarlı tərəfdaş olduğunu əməli fəaliyyəti ilə sübut edir və bu xətt ardıcıl şəkildə davam etdirilir.

Prezident İlham Əliyev nəqliyyat, sənaye, investisiya və digər sahələrdə əməkdaşlıq potensialının geniş olduğunu vurğulayaraq münasibətlərin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret iqtisadi məzmun daşıdığını diqqətə çatdırdı. Bu yanaşma strateji tərəfdaşlığın dayanıqlı əsaslara söykəndiyini göstərir.

Prezident çıxışında regional proseslərə də toxundu. Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycanın sülh gündəliyinə sadiqliyi bir daha ifadə olundu. Dövlət başçısı bildirdi ki, bölgədə davamlı sabitliyin təmin olunması üçün qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsas götürülməlidir. Bu mesaj həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış açıq və aydın mövqedir.

Ümumilikdə, 15 fevral bəyanatı bir daha göstərdi ki, Azərbaycan–Serbiya əlaqələri formal diplomatik münasibətlər çərçivəsindən xeyli kənara çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın prinsipial, ardıcıl və milli maraqlara əsaslanan xarici siyasət kursunun növbəti təsdiqi kimi yadda qaldı.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri