YAP Səbail rayon təşkilatının təsis olunmasının 33 illiyi qeyd edilib - YENİLƏNİB/FOTOLAR

18 Fevral 2026 16:30 (UTC+04:00)

Fevralın 18-də Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təsis olunmasının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

SİA xəbər verir ki, tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca partiyanın yaranması və inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin üzvü və “91-lər”in nümayəndəsi, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Milli Məclisin üzvü Nigar Arpadarai, YAP Veteranlar Şurasının üzvü, Auditorlar Palatasının sədri, iqtisad elmlər doktoru Vahid Novruzov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, şəhid anası Mehriban xanım və Qarabağ müharibəsi qazisi Ramin Şirinov çıxış ediblər.
Çıxışlarda 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi mürəkkəb ictimai-siyasi və iqtisadi vəziyyət xatırladılıb, məhz həmin dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi ilə sabitliyin bərpa olunduğu, dövlət quruculuğu prosesinin sistemli xarakter aldığı vurğulanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs nəticəsində Azərbaycan iqtisadi baxımdan güclənib, beynəlxalq mövqelərini möhkəmləndirib və ərazi bütövlüyünü təmin edib. Çıxış edənlər əldə olunan Zəfərin möhkəm təməl üzərində qurulduğunu, xalq–ordu birliyinin və siyasi iradənin bu uğurun əsas amilləri olduğunu bildiriblər.
Eyni zamanda azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən, məcburi köçkünlərin doğma yurdlarına qayıdışından bəhs olunub, bunun milli qürurun və dövlətçilik ənənələrinin təntənəsi olduğu qeyd edilib. Bildirilib ki, son 30 ildə xalqımız həm ağır sınaqlardan keçib, həm də mühüm tarixi nailiyyətlərə imza atıb.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkədə siyasi sabitliyin təmin olunmasında, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsində və ictimai-siyasi həyatın inkişafında mühüm rol oynadığı vurğulanıb. Partiyanın bundan sonra da dövlətçilik dəyərlərinə sadiq qalaraq Azərbaycanın inkişafına töhfə verəcəyi ifadə olunub.
Tədbir çərçivəsində partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilib.
Rəsmi hissə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb. Daha sonra tədbirin bədii hissəsi təqdim olunub.