Azərbaycan-Serbiya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

18 Fevral 2026 16:47 (UTC+04:00)

Dövlət başçısı İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfər etdi. İki ölkə arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Səfər çərçivəsində Prezidentlərin görüşündə, Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında səsləndirilən fikirlər Azərbaycan-Serbiya əlaqələrinin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Serbiya Prezidenti Aleksandar Vuçiç bildirdi ki, bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. Bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir. Cənab İlham Əliyev iclasdakı çıxışında vurğuladı ki, Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın ilk iclası qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir. Bu gün hökumət üzvlərinin demək olar ki, yarısı məni müşayiət edir. Bu özü də onu göstərir ki, nümayəndə heyətlərinin üzvləri arasında, hamımızın arasında müzakirə ediləcək çoxlu məsələlər var. Dostum Aleksandar Vuçiçin Azərbaycana bu il tezliklə baş tutacaq səfərindən əvvəl bugünkü səfərin nəticələrini artıq əldə etməliyik.

Aparılan müzakirələrdə tərəfdaşlıq sahələri müəyyən edildi. İki ölkənin əməkdaşlıq gündəliyi genişlənir. Azərbaycan və Serbiya təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmir, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edilir.

Ölkələr arasında əlaqlərin inkişafında iqtisadi amil əsasdır. Azərbaycan və Serbiya arasında da əməkdaşlıqda enerji faktoruna xüsusi diqqət göstərilir. Prezident Aleksandar Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyindən bəhs etdi. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir. Cənab İlham Əliyev bu layihənin həyata keçirilməsində Prezident Aleksandar Vuçiçin xüsusi rolunu qeyd etdi.

Azərbaycan-Serbiya əməkdaşlığı Cənubi Qafqaz ilə Balkanlar arasında enerji körpüsünün formalaşması kimi də dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır.

Səfər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər hər iki ölkənin əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu təsdiqləyir. Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri