Etimad və dayanıqlı tərəfdaşlıq modeli ŞƏRH

18 Fevral 2026 16:44 (UTC+04:00)

Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası yalnız siyasi və iqtisadi əlaqələrin deyil, həm də humanitar və sosial əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Azərbaycan Pezidenti cənab İlham Əliyevin çıxışında xalqlar arasında qarşılıqlı hörmətin və dostluğun tərəfdaşlıqda oynadığı rol xüsusi vurğulandı. Serbiyanın Dövlətçilik Gününü qeyd olunaraq, xalqların dövlətçiliyə verdiyi töhfələri və qarşılıqlı dəstəyi önə çəkildi. Azərbaycan ilə Serbiyanın yalnız siyasi rəhbərlik səviyyəsində deyil, eyni zamanda cəmiyyətlərarası əməkdaşlıqla da güclü bağlar qurduğu xüsusi vurğulandı. Bu yanaşma göstərir ki, dövlətlərarası münasibətlər xalqların gündəlik həyatında hiss olunmalı və davamlı olmalıdır.

Məlumdur ki, humanitar əməkdaşlıq ilk növbədə təhsil, mədəniyyət və elmi sahələri əhatə edir. Cənab Prezident İlham Əliyev xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın gələcək nəsillər arasında qorunmasının vacibliyini qeyd etdi. Bu, Strateji Tərəfdaşlıq Şurasının iqtisadi və siyasi layihələrindən fərqli olaraq daha yumşaq, lakin uzunmüddətli təsirə malik istiqamətdir. Belə əməkdaşlıq gənclər arasında qarşılıqlı etimad və dostluq mühitini gücləndirir. Bu məqsədlə birgə bəyanatda humanitar layihələrin genişləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi niyyəti açıq şəkildə qeyd edildi. Təhsil, mədəniyyət mübadiləsi, birgə elmi proqramlar və təcrübə mübadiləsi tərəflər arasında qarşılıqlı anlaşmanın davamlılığını təmin edən vacib elementlər kimi təqdim edildi. Bu da göstərir ki, əməkdaşlıq yalnız rəsmi siyasi platformada deyil, cəmiyyətlərin həyatında da özünü göstərir.

Prezident İlham Əliyev çıxışında həmçinin bir-birinin inkişafına verilən dəstəyin humanitar ölçüsünü qeyd etdi. Azərbaycan Serbiyanın enerji, iqtisadi və sosial inkişaf sahələrindəki təşəbbüslərini dəstəkləyir və Serbiya da eyni şəkildə Azərbaycanın uğurlarına hörmətlə yanaşır. Bu qarşılıqlı hörmət və dəstək tərəfdaşlığın davamlılığını təmin edir.

Nəticə etibarilə, Belqraddakı Strateji Tərəfdaşlıq Şurasının ilk iclası humanitar və sosial əməkdaşlığın strateji əhəmiyyətini göstərdi. Xalqlar arasında etimad, dostluq və qarşılıqlı hörmət modeli yaradıldı, bu isə uzunmüddətli siyasi və iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin təşkil edir. Azərbaycan və Serbiya əlaqələrinin bu ölçüsü tərəfdaşlığın çoxşaxəli, dayanıqlı və nümunəvi olduğunu nümayiş etdirir.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri