Azərbaycanın şəhərsalma təcrübəsi dünyaya nümunə olacaq imkanlar təqdim edir -DEPUTAT DANIŞDI

18 Fevral 2026 16:00 (UTC+04:00)

“Şəhərsalma işləri ölkəmiz üçün çox əhəmiyyətli bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, bu, bir tərəfdən cəmiyyətin tikinti tarixinin qorunub saxlanılması, digər tərəfdən isə müasir arxitektura və kommunikasiya məsələlərinin uğurlu həll edilməsi vasitəsilə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır:

“Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, bir tərəfdən dünya memarları və inşaatçılarının bu mövzu barədə müzakirə aparmaları üçün platforma rolunu oynayır. Digər tərəfdən iştirakçılar Azərbaycan təcrübəsi ilə tanış olurlar.

Azərbaycanın çox qədim memarlıq və inşaat tarixi vardır. Eyni zamanda müasir dövrdə də şəhərsalma ilə bağlı uğurlu layihələr həyata keçirilir. Təkcə Bakı deyil, regionlarımızda da müasir layihələr icra olunur. Mənzil tikintisi geniş vüsət alıb, eyni zamanda fərdi mənzil tikintisinə böyük diqqət ayrılır və şəhərsalma planlaşdırması əvvəldən ciddi şəkildə nəzərə alınır.

Artıq dar küçələr və yalnız yaşayış binalarından ibarət massivlər keçmişdə qalmışdır. İstənilən yaşayış kompleksləri mütləq sosial obyektlərlə – parklar, məktəblər, uşaq bağçaları və xəstəxanalarla qonşuluqda yerləşir. Köhnə tikililər sökülərək yerində daha müasir binalar tikilir və milli arxitektura ənənələri də qorunub saxlanılır.

Bundan əlavə, şəhərsalma dedikdə, azad olunan zonaların bərpasını da göstərə bilərik. İnsanlar gözəl şəraitlə təmin edilir, təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir.

Azərbaycanın şəhərsalma təcrübəsi dünyaya nümunə olacaq çox önəmli imkanlar təqdim edir. Hesab edirəm ki, şəhərsalma ilə bağlı keçiriləcək konfrans və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan tarixində möhtəşəm bir hadisə olacaqdır”.