Cenevrə danışıqları, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri görüşü…

18 Fevral 2026 15:35 (UTC+04:00)

Cenevrədə üçtərəfli danışıqların ikinci günü Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri görüşlərini başa çatdırıb.

SİA xarici KİV- ə istinadən xəbər verir ki, Ukrayna böhranının həlli məqsədilə İsveçrənin Cenevrə şəhərində təşkil olunan danışıqların ikinci günü yekunlaşıb. Rusiya Prezidenti Vladimir Putin-in müşaviri Vladimir Medinskiy görüşlərin çətin keçdiyini bildirib və yaxın zamanda yeni danışıqlar turunun keçiriləcəyini açıqlayıb.

Rusiya nümayəndə heyətinə də rəhbərlik edən Medinskiy görüşlərdən sonra Rusiya mətbuatına açıqlama verib. O, danışıqların iki gün davam etdiyini vurğulayaraq bildirib ki, dünən müxtəlif formatlarda və uzun sürən görüşlər keçirilib, bu gün isə təxminən iki saat davam edib. Görüşlər çətin, lakin işgüzar xarakter daşıyıb və yaxın vaxtlarda növbəti toplantı baş tutacaq.

Cenevrədə keçirilən üçtərəfli danışıqların üçüncü turunda Rusiya nümayəndə heyətinə Vladimir Medinskiy rəhbərlik edib, Ukrayna tərəfini isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov təmsil edib. Görüşlərdə ABŞ tərəfdən Prezident Donald Trump-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff və müşaviri Jared Kushner iştirak edib.

Xatırladaq ki, dünən Cenevrədə bir hoteldə yerli vaxtla təxminən saat 14:00-da başlayan danışıqlar dörd saatdan çox davam etmişdi.

Steve Witkoff bildirib ki, Rusiya və Ukrayna razılaşmaya nail olmaq üçün işləri davam etdirmək barədə razılığa gəliblər. Tərəflər öz liderlərini proses barədə məlumatlandıracaq və razılaşma əldə etmək üçün səyləri sürdürəcəklər. Witkoff həmçinin qeyd edib ki, Donald Trump-ın təşəbbüsü ilə tərəflərin bir masa arxasına gətirilməsi nəticəsində müəyyən irəliləyiş əldə olunub.