“Bu gün biz şərəf və qürur hissi ilə yaşayırıqsa, bunun əsas səbəbi şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasətidir. Azərbaycan Ordusunun əldə etdiyi Zəfər tariximizin ən parlaq səhifələrindən biridir”.
SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev səsləndirib.
O bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi: “10 noyabr 2020-ci il tarixində imzalanan bəyanatla müharibə başa çatdı və Azərbaycan tarixi Qələbə qazandı”.
Muxtar Nağıyev vurğulayıb ki, bu müharibə yalnız hərbi gücün deyil, eyni zamanda siyasi iradənin və diplomatik məharətin də nümayişi idi: “Döyüş meydanında qazanılan uğurlar beynəlxalq müstəvidə aparılan məqsədyönlü siyasətlə tamamlandı. Azərbaycanın apardığı əməliyyatlar beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildi və mülki əhaliyə qarşı yönəlmədi”.
O əlavə edib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri də qısa müddətdə uğurla nəticələndi: “Qanunsuz silahlı birləşmələr tərksilah olundu və dövlət suverenliyi tam şəkildə bərpa edildi. Bu proses hərbi peşəkarlığın və diplomatik hazırlığın nəticəsi idi”.
Muxtar Nağıyev qeyd edib ki, Azərbaycan əsgəri döyüş meydanında böyük şücaət göstərdi və şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq: “Dövlət şəhid ailələrinə və qazilərə sosial dəstək göstərməyi prioritet vəzifəsi hesab edir. Qarşıdakı əsas vəzifə isə xalq-ordu-iqtidar birliyini qorumaq, müstəqilliyimizi möhkəmləndirmək və gələcək nəsillərə güclü, suveren Azərbaycan ötürməkdir”.