“Azərbaycan tarixinin çətin dövrləri xalqımızın iradəsi ilə dəf olunub” - Muxtar Nağıyev

18 Fevral 2026 14:50 (UTC+04:00)

“Bu gün biz Azərbaycanın keçdiyi inkişaf yolunu qürurla xatırlayırıq. Ötən illər təkcə zaman ölçüsü deyil, həm də xalqımızın taleyində dönüş nöqtələri ilə yadda qalan dövrdür. Hər bir uğur, hər bir nailiyyət xalqımızın əzmi, birliyi və milli iradəsi nəticəsində əldə olunub”.

SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının 33-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev səsləndirib.

O bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ağır sınaqlardan keçib, ölkə siyasi və iqtisadi böhranla üz-üzə qalmışdı: “Məhz belə mürəkkəb dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyimizin xilaskarı kimi çıxış etdi. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, dövlət quruculuğu prosesi sistemli xarakter aldı və Azərbaycan inkişaf yoluna qədəm qoydu”.

Muxtar Nağıyev vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi kursu sayəsində Azərbaycan iqtisadi baxımdan gücləndi, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi və ərazi bütövlüyünü bərpa etdi: “Bu gün Azərbaycan xalqı qalib xalq kimi yaşayır, şərəf və ləyaqət hissi artıq bugünkü reallığımızdır. Qarşıda duran vəzifə bu nailiyyətləri qorumaq, daha da möhkəmləndirmək və gələcək nəsillərə güclü, sabit və inkişaf edən Azərbaycan ötürməkdir”.

O əlavə edib ki, dövlətçilik ən ali dəyərdir və onun qorunması üçün milli birlik, məsuliyyət və uzaqgörən liderlik həlledici rol oynayır: “Tarix göstərdi ki, düzgün siyasi qərar və güclü liderlik ölkənin gələcəyini müəyyənləşdirir. Biz isə bu yolu qətiyyətlə davam etdiririk”.