"Bakı və Belqrad arasında siyasi dialoq genişlənir" - MÖVQE

18 Fevral 2026 11:40 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyev Münhendə keçirilən beynəlxalq təhlükəsizlik tədbirlərində iştirak etdikdən sonra Serbiyaya səfər edib. Bu səfər çərçivəsində Azərbaycan və Serbiya arasında bir sıra mühüm sənədlər imzalanıb.
Ümumilikdə, Azərbaycan-Serbiya münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Səfər zamanı nümayiş etdirilən yüksək səviyyəli qarşılanma, səmimiyyət və qarşılıqlı etimad bunu bir daha sübut edir. Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycan Prezidentini hava limanında şəxsən qarşılaması münasibətlərin səviyyəsinin göstəricisi kimi dəyərləndirilə bilər.

Bu, ilk səfər deyil. Daha əvvəl də Azərbaycan Prezidentinin Serbiyaya səfərləri yüksək səviyyədə keçib və mühüm razılaşmalarla yadda qalıb. Hər iki ölkə rəhbəri dəfələrlə vurğulayıb ki, Azərbaycan və Serbiyanın maraqları bir çox istiqamətlər üzrə üst-üstə düşür və əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Xüsusilə enerji sahəsində əməkdaşlıq ön plana çıxır. Rusiya-Ukrayna müharibəsindən sonra və Rusiyanın enerji sektoruna qarşı tətbiq olunan sanksiyalar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu əhəmiyyətli dərəcədə artıb. Bu kontekstdə Serbiya da Azərbaycan qazını alan və enerji əməkdaşlığını genişləndirən ölkələr sırasındadır.

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsində maraqlıdır. Qaz tədarükünün artırılması, enerji infrastrukturu layihələrinin həyata keçirilməsi, qaz şəbəkələrinin inkişafı və digər investisiya təşəbbüsləri iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirir. Prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan Serbiyaya investisiyaların artırılmasında maraqlıdır və bu, münasibətlərin strateji xarakterini daha da gücləndirir.

Azərbaycanın Serbiyaya qaz ixracını və investisiyalarını artırması təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə Balkan regionunda Azərbaycanın iqtisadi və siyasi mövqeyinin güclənməsinə xidmət edə bilər. Eyni zamanda, Serbiyanın həm Balkanlarda, həm də Avropada siyasi çəkisinin artması qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli zəmin yaradır.
Bütün bu proseslərin arxasında liderlər arasında formalaşmış qarşılıqlı etimad və siyasi iradə dayanır. Azərbaycan və Serbiya beynəlxalq platformalarda da bir-birinə dəstək nümayiş etdirir və bu, münasibətlərin davamlı inkişafının əsas təminatlarından biri hesab oluna bilər".