"Yeni məhdudiyyətlər Azərbaycan bazarında qiymət artıra bilər" - İQTİSADÇI DANIŞDI

18 Fevral 2026 11:39 (UTC+04:00)

"Gürcüstanda istismar müddəti 6 ildən artıq olan avtomobillərin idxalına məhdudiyyətin tətbiqi regionda ikinci əl avtomobil bazarına təsir göstərə biləcək mühüm qərarlardan biri kimi qiymətləndirilə bilər. Bu qərar təkcə Gürcüstanın daxili bazarının yenilənməsi və ekoloji siyasətinin gücləndirilməsi məqsədi daşımır, eyni zamanda Cənubi Qafqaz regionunda formalaşmış avtomobil ticarəti zəncirinə də birbaşa təsir edir".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.

Onun sözlərinə görə, son illərdə Gürcüstan region üçün əsas tranzit və satış mərkəzlərindən birinə çevrilmişdi: "ABŞ, Koreya və Avropa ölkələrindən gətirilən ikinci əl avtomobillər burada rəsmiləşdirildikdən sonra əsasən Azərbaycan və digər qonşu ölkələrin bazarlarına yönləndirilirdi. Xüsusilə Azərbaycan bazarında daha münasib qiymətli və geniş seçim imkanına malik avtomobillərin böyük hissəsi məhz bu kanal vasitəsilə daxil olurdu. Yeni məhdudiyyətlər isə bu axının azalmasına və bazarda təklifin müəyyən dərəcədə daralmasına səbəb ola bilər. Təklifin azalması ilk mərhələdə qiymətlərə təsir göstərə bilər. Xüsusilə büdcə seqmentində olan ikinci əl avtomobillərin qiymətində artım ehtimalı yüksəkdir. Çünki istehlakçıların böyük hissəsi məhz münasib qiymətə köhnə modellərə üstünlük verirdi. Seçim imkanlarının məhdudlaşması bazarda tələb-təklif balansının dəyişməsinə və daha yeni, lakin nisbətən baha avtomobillərə yönəlməyə səbəb ola bilər. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində ticarət kanalları zamanla alternativ istiqamətlərə yönələ bilər. Avtomobil idxalçıları birbaşa ABŞ, Avropa və ya Asiya bazarlarından idxalı artırmağa çalışa bilərlər. Bununla yanaşı, digər tranzit ölkələrin rolu da arta bilər. Lakin bu prosesin müəyyən vaxt tələb edəcəyi və ilkin mərhələdə logistika xərclərinin artması səbəbindən qiymətlərə əlavə təzyiq yaradacağı istisna deyil.

Uzunmüddətli perspektivdə isə bu cür məhdudiyyətlər bazarın strukturuna da təsir edə bilər. Daha yeni və texniki cəhətdən daha təhlükəsiz avtomobillərə tələbin artması, ekoloji standartların yüksəlməsi və avtomobil parkının yenilənməsi kimi müsbət tendensiyalar müşahidə oluna bilər. Eyni zamanda, ölkə daxilində rəsmi dilerlər və lizinq mexanizmləri vasitəsilə avtomobil əldə etməyə maraq da arta bilər. Ümumilikdə, Gürcüstanda tətbiq olunan məhdudiyyətlərin Azərbaycan bazarına təsiri qısamüddətli dövrdə qiymət artımı və seçim imkanlarının azalması ilə müşahidə oluna bilər. Lakin orta və uzunmüddətli dövrdə bazarın yeni şəraitə uyğunlaşması, alternativ idxal kanallarının formalaşması və daha keyfiyyətli avtomobillərə keçid prosesi gözlənilir".