"Ümumi baxdıqda görürük ki, diplom artıq yalnız müxtəlif vakansiyalara müraciət etmək üçün ilkin mərhələdir. İstər dövlət qulluğunda, istərsə də özəl sektorda işə qəbul zamanı namizədlərdən konkret bilik və bacarıqlar tələb olunur.
Sovet dövründən qalma “diplom varsa, iş də təmin olunur” stereotipi artıq aktuallığını itirib".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

O bildirib ki, bu gün əmək bazarında əsas olan sənəd deyil, onun arxasında dayanan real kompetensiyalardır: "Əgər diplom konkret bacarıq və praktik biliklərlə müşayiət olunmursa, məzunların əmək bazarına adaptasiyası çətinləşir.
Hər bir iş sahəsi müxtəlif kvalifikasiyalar tələb edir. Bu kvalifikasiyaların bir hissəsi universitetdə tədris olunan fənlər vasitəsilə formalaşa bilər. Lakin bir çox bacarıqlar, xüsusilə praktik, texniki və fərdi inkişafla bağlı kompetensiyalar tələbənin şəxsi təşəbbüsü ilə inkişaf etdirilməlidir. Universitet “hazırlıq kursu” deyil; o, istiqamət verir, analitik düşünməyi, məlumatdan istifadə etməyi və öyrənməyi öyrədir.
Bu səbəbdən tələbələr öz imkanlarını düzgün təhlil etməli, əmək bazarını araşdırmalı və hansı bilik və bacarıqlara tələbat olduğunu müəyyənləşdirməlidirlər. Universitetdə qazandıqları biliklərin hansı hissəsinin kifayət etdiyini, hansı sahələrdə boşluqların olduğunu qiymətləndirərək, özlərini əlavə şəkildə inkişaf etdirməlidirlər. Artıq XXI əsrdə bu imkanlar daha əlçatandır. Rəqəmsal texnologiyalar və süni intellekt platformaları vasitəsilə bilik əldə etmək üçün fiziki auditoriya ilə məhdudlaşmağa ehtiyac yoxdur. Qlobal informasiya məkanı hər kəs üçün açıqdır və zaman-məkan məhdudiyyəti demək olar ki, aradan qalxıb.
Diplom sadəcə ilk addımdır. Əsas olan həmin diplomun arxasında dayanan bilik, bacarıq və peşəkar kompetensiyalardır. Məhz bu keyfiyyətlər insanın əmək bazarında rəqabətədavamlı olmasını və uğur qazanmasını təmin edir".