"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibə verib. Müsahibədə səsləndirilən əsas məqamlar diqqətəlayiqdir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, birinci məqam Azərbaycan-Fransa münasibətləri ilə bağlı olub. Prezident qeyd edib ki, münasibətlərin gərginləşməsi Azərbaycan tərəfindən başlamayıb: "Onun sözlərinə görə, Fransanın atdığı addımlara Azərbaycan adekvat cavab verib. Eyni zamanda vurğulanıb ki, Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasına hazırdır. Sadəcə olaraq, Fransada müəyyən siyasi dairələrin anti-Azərbaycan mövqeyi münasibətlərin inkişafına mane olur.
İkinci əsas məsələ Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı olub. Prezident bildirib ki, sülh təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb və artıq tərəflər arasında faktiki olaraq müharibə mərhələsi başa çatıb. Hazırda regionda nisbi sabitlik mövcuddur və tərəflər sülh gündəliyi çərçivəsində addımlar atırlar. Həmçinin qeyd olunub ki, əməkdaşlıq üçün ilkin təmaslar formalaşmağa başlayıb və proses irəliləyir.
Üçüncü mühüm məqam Bakıda mühakimə olunan şəxslərlə bağlı olub. Prezident açıq şəkildə bəyan edib ki, həmin şəxslər Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlər törədiblər, ölkənin ərazi bütövlüyünə və konstitusion quruluşuna qarşı çıxıblar, silahlı fəaliyyət və terror xarakterli əməllərdə iştirak ediblər. Bildirilib ki, məhkəmə prosesi Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun, şəffaf şəkildə həyata keçirilib və təqsirli bilinən şəxslər qanun qarşısında cavab veriblər.
Ümumilikdə, müsahibə Azərbaycanın həm ikitərəfli münasibətlər, həm regional proseslər, həm də daxili hüquqi məsələlər üzrə mövqeyini aydın və sistemli şəkildə ortaya qoyub".