"Kartla ödənişdən imtina taksi xidmətində ciddi problem yaradır" - ŞƏRH EDİLDİ

18 Fevral 2026 11:17 (UTC+04:00)

"Son dövrlərdə taksi xidmətlərində kartla ödənişlə bağlı problemlər həm sərnişinlər, həm də xidmətin keyfiyyəti baxımından aktual məsələlərdən birinə çevrilib. Praktikada tez-tez rast gəlinən hallardan biri odur ki, müştəri tətbiq üzərindən kartla ödəniş seçdiyi zaman sürücülər sifarişi qəbul etmir və ya sifariş uzun müddət cavabsız qalır. Bu problemin yaranması bir neçə iqtisadi, texniki və təşkilati səbəblərlə bağlıdır".

Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri maliyyə məsələləri ilə əlaqədardır: "Kartla ödəniş zamanı vəsait sürücünün hesabına dərhal deyil, müəyyən müddət sonra köçürülür. Bu isə gündəlik qazancını nağd şəkildə əldə etməyə üstünlük verən sürücülər üçün narahatlıq yaradır. Bundan əlavə, bəzi platformalarda komissiya haqları və ya bank əməliyyat xərcləri də sürücülərin kartla ödənişə marağını azaldır. Digər mühüm amil qeyri-rəsmi gəlir dövriyyəsi ilə bağlıdır. Nağd ödənişlər bəzi hallarda gəlirlərin tam şəkildə qeydiyyata alınmamasına imkan yaradır. Kartla ödəniş isə bütün əməliyyatların şəffaf şəkildə sistemdə əks olunmasına səbəb olur. Bu da bəzi sürücülərin nağdsız ödənişlərdən yayınmasına gətirib çıxarır. Texniki və təşkilati səbəblər də mövcuddur. Bəzi hallarda sürücülərin bank hesabları və ya tətbiqlə inteqrasiya prosesində problemlər yaranır, vəsaitlərin gecikməsi və ya texniki nasazlıqlar etimadı azalda bilir. Digər tərəfdən, platformalar tərəfindən kartla ödənişi seçən müştərilərlə bağlı əlavə motivasiya və ya nəzarət mexanizmlərinin kifayət qədər effektiv olmaması da bu vəziyyətə təsir edir.

Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə tədbirlərin görülməsi vacibdir. İlk növbədə, taksi platformaları kartla ödənişlərin sürücülərin hesabına daha operativ köçürülməsini təmin etməlidir. Eyni zamanda, nağdsız ödənişlər üzrə komissiya siyasətinə yenidən baxılması və sürücülər üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi müsbət nəticə verə bilər. Nəzarət mexanizmlərinin gücləndirilməsi də vacibdir. Kartla ödənişi seçən sifarişlərdən sistemli şəkildə imtina edən sürücülər üçün reytinqin aşağı salınması, sifarişlərin məhdudlaşdırılması və ya digər inzibati tədbirlər tətbiq oluna bilər. Paralel olaraq, dövlət qurumları tərəfindən nağdsız ödənişlərin təşviqi, vergi və tənzimləmə mexanizmlərinin sadələşdirilməsi də bu sahədə şəffaflığı artıra bilər. Sərnişin məmnuniyyətinin təmin olunması üçün nağdsız ödənişlərin etibarlı və əlçatan olması müasir şəhər nəqliyyat sisteminin əsas tələblərindən biridir. Rəqəmsal ödənişlərin genişləndirilməsi həm xidmət keyfiyyətini yüksəldir, həm də iqtisadi dövriyyənin şəffaflaşmasına və sektorun daha səmərəli idarə olunmasına şərait yaradır".