Azərbaycan və Serbiya strateji tərəfdaşlığı gücləndirir - Vüqar Rəhimzadə

17 Fevral 2026 19:32 (UTC+04:00)

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Qarşılıqlı etimad mühitinin, dostluq münasibətlərinin möhkəmləndirililməsi fonunda əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün yeni imkanlar yaranır. Dövlət başçısı İlham Əliyevin fevralın 15-də dost Serbiya Respublikasına rəsmi səfəri həm iki ölkənin münasibətlərinin, həm də Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrinin inkişafına necə böyük önəm verdiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin “Rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər… Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” fikirləri iki ölkənin əlaqələrinin, liderlərin yaxın dostluq münasibətlərinin təqdimatıdır.

Dövlət başçısı İlham Əliyevin bu fikirlərinin davamı olaraq Serbiya Prezidenti Aleksandar Vuçiç bildirdi ki, Serbiya dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıdır. Biz bu məqsədə doğru gedəcəyik. Qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Hər dəfə Prezident İlham Əliyev ilə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram. Aleksandar Vuçiç bunu üçün dövlətimizin başçısı İlham Əliyevə təşəkkür etdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində Prezidentlərin təkbətək görüşü, sənədlərin imzalanması mərasimi oldu, həmçinin iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi, liderlər mətbuata bəyanatla çıxış etdilər. İki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci islasında Serbiya Prezidenti iclası ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsi kimi dəyərləndirərək bunu belə əsaslandırdı ki, bu, ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. Şura Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir. Azərbaycan-Serbiya münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından bəhs edən Aleksandar Vuçiç iki ölkənin münasibətlərində əhəmiyyətli rol oynayacaq bu mühüm hadisəni də diqqətə çatdırdı ki, yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşları açacağıq və aramızdakı təmaslar əvvəlki dövrlə müqayisədə daha sıx olacaq. Azərbaycan xalqı hər zaman Serbiyadan və Serbiya xalqından yalnız yaxşı işləri gözləyə bilər.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan-Serbiya əlaqələri sürətlə və dinamik inkişaf edir. Azərbaycan və Serbiya strateji tərəfdaşlardır. İki ölkənin əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayan, hüquqi baza olan sənədlər arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə də var. Hər iki ölkə sənəddə və əməldə bu yüksək statusa sadiqliyini göstərir. Prezidentlərin təkbətək görüşündə, həmçinin Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında Azərbaycanla Serbiya arasında energetika, investisiyalar, bərpaolunan enerji, turizm, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə diqqət yönəldildi. Azərbaycan və Serbiya Prezidentləri bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, konkret layihələrin təqdim olunması ilə əlaqədar tapşırıqlar verdilər. Dövlət başçısı İlham Əliyev Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında vurğuladı ki, biz təkcə siyasi istiqamətdə, beynəlxalq arenada sıx işləmirik, eyni zamanda, iqtisadiyyatlarımız, sənayelərimiz üçün vacib layihələr icra edirik. Prezident Aleksandar Vuçiç elektrik stansiyasının tikintisini qeyd etdi. Bu, bizim enerji sektorunda əməkdaşlığımızı necə şaxələndirdiyimizin vacib göstəricisidir. Biz qaz əməkdaşlığından başladıq, indi isə növbəti mərhələyə - bu qazın yekun məhsul olan elektrik enerjisinə çevrilməsi məqsədilə hər iki tərəf üçün maksimal səmərəliliklə necə istifadə olunmasına keçid edirik. Bu, Azərbaycanın son illərdə Avropaya əsas investisiya qoyuluşlarından biri olacaq.

Millət vəkili bildirib ki, dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı siyasəti, fəlsəfəsi dəyişilməzdir. Enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməli, rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya əsaslanmalıdır. Bərpaolunan enerjidən istifadə sahəsində də liderliyini təmin edən ölkəmizin enerji diplomatiyasının əsasını təşkil edən “Enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, eyni zamanda mənbələrin şaxələndirilməsidir” təşəbbüsü dəstəklənir. 2023-cü ilin dekabrında Prezident İlham Əliyev Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirmişdi ki, bugünkü mərasim dostluq, strateji tərəfdaşlıq mərasimidir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.

Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı genişlənməkdədir. Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Bunlar arasında Serbiya da var. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bütövlükdə energetika sahəsində əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl Serbiyaya təbii qazın ixracına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki əsas ixrac istiqamətimiz Avropa məkanıdır.

Vüqar Rəhimzadə vurğulayıb ki, qarşılıqlı səfərlərin əhəmiyyətini imzalanan sənədlər də təsdiqləyir. Bu baxımdan Prezident İlham Əliyevin Sebiyaya rəsmi səfəri də diqqətdə oldu. Bu günədək iki ölkə arasında 57 sənəd imzalanıb. Dövlətimizin başçısının bu səfəri zamanı imzalanan sənədləri də əlavə etsək bir daha təsdiqlənir ki, tərəflər əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişafında maraqlıdır və bunu sözdə deyil, real addımlarda nümayiş etdirir. Belə ki, Belqradda Prezidentlərin iştirakı ilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq Sazişi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiyanın İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu, həmçinin media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu, idman sahəsində Anlaşma Memorandumu, tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.

Millət vəkili bildirib ki, qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfələr verir. Azərbaycan-Serbiya əlaqələrinin gündəliyi genişdir. Gələcək planları aydındır. Hədəf həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika, nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxmaqdır.