Azərbaycanla BƏƏ aqrar sahədə əməkdaşlığa dair razılığa gəlib

17 Fevral 2026 16:24 (UTC+04:00)

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək məqsədilə birgə işçi qrupunun yaradılması, kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumunun hazırlanaraq imzalanması barədə ilkin razılıq əldə olunub.

SİA Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Azərbaycanda səfərdə olan BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə əldə olunub.

Bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. O qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla BƏƏ arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir.

Qeyd olunub ki, ixrac yönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. M.Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri isə deyib ki, ölkəsi Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. BƏƏ-nin dünya miqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçün beynəlxalq əməkdaşlıqların qurulmasının vacibliyinə diqqət çəkən nazir bu baxımdan Bakıda keçirdiyi görüşləri müsbət qiymətləndirib.

Görüşdə Azərbaycan və BƏƏ arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiya qoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.