“Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan mediasına verdiyi müsahibə ölkəmizin hazırkı geosiyasi mərhələdə tutduğu mövqeyi, prioritetlərini və formalaşmaqda olan yeni dünya nizamına baxışını aydın şəkildə ortaya qoyan mühüm mesajları özündə ehtiva edir”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Atən Qurnaova bildirib.
Dövlət başçımızın səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan post-münaqişə dövründə yalnız regional deyil, qlobal gündəlikdə də fəal və təşəbbüskar aktor kimi çıxış edir:
”Şübhəsiz ki, cənab Prezidentin müsahibə zamanı verdiyi əsas mesajlardan biri Azərbaycanın artıq sülhü təmin etmiş dövlət kimi Münhen platformasında iştirak etməsidir. Bu vurğu heç də təsadüfi deyil.
Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması hüquqi ziddiyyət yaradır və yekun sənədin imzalanmasını gecikdirən əsas amildir. Burada mühüm məqam ondan ibarətdir ki, Prezident faktiki sülhün artıq mövcud olduğunu vurğulayır. Vaşinqton Zirvə Görüşündə əldə edilmiş razılaşmalar və paraflanmış sənəd de-fakto normallaşma mühitinin formalaşdığını göstərən mühüm məqamlardır.
Müsahibə zamanı cənab Prezident beynəlxalq sistemdə baş verən transformasiya ilə bağlı da mühüm mesajlar verərək açıq şəkildə bəyan etdi ki, beynəlxalq hüquq mexanizmləri artıq əvvəlki təsir gücünə malik deyil. Bu fikir qlobal miqyasda artan güc rəqabəti, selektiv yanaşmalar və ikili standartlar fonunda real vəziyyətin aydın təsviri kimi ifadə edilə bilər. Xüsusilə BMT ilə bağlı səsləndirilən “iflic vəziyyəti” ifadəsi mövcud beynəlxalq təsisatların effektivliyinə dair ciddi sualların olduğunun aydın ifadəsidir. Azərbaycan uzun illər ərzində işğal faktı ilə üzləşmiş və BMT qətnamələrinin icra olunmadığını görmüş dövlət kimi bu böhranın praktiki nəticələrini yaşayıb. Məhz bu təcrübə fonunda dövlət başçımızın alternativ mexanizmlərin formalaşdırılması barədə fikirləri strateji məntiqə əsaslanır.
Digər tərəfdən, cənab Prezidentin Münhendə nəqliyyat dəhlizlərinə həsr olunmuş paneldə iştirakı Azərbaycanın artıq formalaşdırdığı və genişləndirdiyi bağlantı strategiyasının davamıdır. Azərbaycan uzun illərdir enerji dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Bu gün isə həmin model nəqliyyat, elektrik və fiber-optik xətlər vasitəsilə yeni mərhələyə qədəm qoyur. Xüsusilə Zəngəzur dəhlizi layihəsi regional kommunikasiyaların bərpası nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezidentin vurğuladığı kimi, söhbət yalnız avtomobil və dəmir yollarından getmir. Müasir mərhələdə elektrik enerjisinin ötürülməsi, rəqəmsal məlumat axınları, süni intellekt infrastrukturu və məlumat mərkəzlərinin yaradılması Azərbaycanın tranzit ölkə statusunu keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Azərbaycanın coğrafi mövqeyi, həm Şərq, həm də Qərb istiqamətində sabit tərəfdaşlıq münasibətləri, enerji resursları və insan kapitalı ölkəni Avrasiya məkanında etibarlı qovşağa çevirən mühüm məqamlardır. Bu isə yalnız iqtisadi deyil, həm də siyasi dividendlər yaradır və ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir.
Azərbaycan post-münaqişə mərhələsini arxada qoyaraq yeni geosiyasi reallıqların formalaşmasında fəal iştirak edən aktora çevrilib. Sülh təşəbbüsləri, alternativ beynəlxalq platformalara açıq mövqe və çoxşaxəli dəhliz strategiyası ölkəmizin uzunmüddətli milli maraqlarına xidmət edir. Münhen Təhlükəsizlik Konfransı kimi qlobal platformada səsləndirilən bu mesajlar bir daha göstərir ki, Azərbaycan artıq hadisələrin izləyicisi deyil, onların formalaşmasında söz sahibi olan dövlətdir. Bu isə dövlətçilik siyasətinin ardıcıl və düşünülmüş xətt üzrə həyata keçirildiyini bir daha təsdiqləyir”.