“Sosial gərginlik və empatiya çatışmazlığı müasir cəmiyyətin kompleks problemləridir“ - SOSİOLOQ DANIŞDI

17 Fevral 2026 15:12 (UTC+04:00)

“Müasir cəmiyyətdə fərdlərin psixoloji vəziyyətindəki dəyişikliklər və davranış pozuntuları sosial gərginliyin artması ilə birbaşa əlaqəlidir”.

Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.

Onun sözlərinə görə, həyatın müxtəlif sahələrində-ailə münasibətləri, iş yeri münasibətləri, ictimai mühitdə dialoq və davranışlar- müşahidə olunan gərginlik və emosional yüklənmə, sosial strukturun yaratdığı təsirlər nəticəsində meydana çıxır:

“Xüsusilə gənc nəsildə bu vəziyyət daha qabarıq şəkildə müşahidə olunur. Universitetləri bitirən gənclər əmək bazarında iş imkanlarının məhdudluğu ilə qarşılaşırlar. Dövlət qulluğu və digər peşə sahələrində dəfələrlə imtahan verilməsinə baxmayaraq, sosial və ailəvi əlaqələrə bağlı nüfuz faktorları işə qəbul prosesinə təsir göstərir. Bu reallıq gənclərin, onların ailələrinin və ətraf mühitin psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Eyni zamanda, mənzil və ailə məsələləri də sosial gərginliyi artıran əsas amillərdən biridir. Orta statistik gəliri məhdud olan vətəndaşlar üçün ipoteka və bank kreditlərinin yüksək faizlə təklif olunması, ev sahibi olmaq imkanını məhdudlaşdırır. Bu isə yalnız gənclərdə deyil, həmçinin valideynlərdə və ailə üzvlərində də emosional gərginliyin formalaşmasına səbəb olur.

İş həyatında baş verən ixtisarlar və inflyasiya kimi makroiqtisadi faktorlar da sosial gərginliyi daha da artırır. İnsanların işdən azad olunması, sosial həyatın çətinləşməsi və qiymətlərin yüksəlməsi psixoloji stresin yüksəlməsinə gətirib çıxarır. Sosial gərginliyin yaranmasında kiçik qiymət artımlarından tutmuş geniş miqyaslı ixtisarlara qədər hər bir amilin payı vardır.

Empatiya çatışmazlığı da bu prosesdə mühüm rol oynayır. İşəgötürənlər və ya ixtisar aparan şəxslər özlərini təsir altında olan fərdlərin yerinə qoya bilmədikdə, psixoloji gərginlik artaraq sosial münasibətlərdə neqativ halların yaranmasına səbəb olur. Misal üçün, yüksək bal toplayan gənclər imtahanların müsahibə mərhələsindən keçə bilmədikdə, empatiya çatışmazlığı prosesi nəzərə çarpır.

Sosial gərginliyin azaldılması üçün dövlət və ictimai qurumlar tərəfindən konkret tədbirlər görülməlidir. İşə qəbul və imtahan proseslərinə nəzarət gücləndirilməli, obyektiv heyət formalaşdırılmalı, kredit siyasəti yenidən nəzərdən keçirilməli, mütəxəssislər cəlb olunmalı və şəffaf müzakirələr aparılmalıdır. Dövlət vətəndaşların hüquqlarının qorunmasına yönəlmiş institutları, o cümlədən qurumları inkişaf etdirərək sosial gərginliyin qarşısını ala bilər.

Media və təhsil sahəsi də sosial gərginliyin azaldılmasında mühüm rol oynayır. Sosial medianın neqativ halları üzə çıxarması və maarifləndirmə işlərinin gücləndirilməsi cəmiyyətdə empatiyanın artırılmasına və sosial münasibətlərin sağlamlaşdırılmasına xidmət edir.

Sosial gərginlik və empatiya çatışmazlığı müasir cəmiyyətin kompleks problemləridir. Onların həlli yalnız real, sistemli və əməli islahatlarla mümkündür. İnsanların psixoloji və sosial rifahını qorumaq məqsədilə dövlət, ictimai qurumlar və fərdlər qarşılıqlı məsuliyyət daşımalı və sosial ədalətin təmin edilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirməlidirlər”.