"Münhen Konfransı qlobal güc balansının açıq nümayişinə çevrildi" - ŞƏRH EDİLDİ

17 Fevral 2026 14:41 (UTC+04:00)

"Münhen Təhlükəsizlik Konfransı (MTK) artıq təkcə təhlükəsizlik müzakirələrinin aparıldığı platforma deyil, həm də qlobal güc balansının, yeni siyasi narrativlərin və dövlətlərin mövqelərini açıq şəkildə nümayiş etdirdiyi əsas diplomatik səhnələrdən biridir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, 2026-cı il Konfransının “Dağıdıcı siyasət dövrü – beynəlxalq nizama çağırışlar” mövzusu əslində mövcud beynəlxalq sistemin dərin böhran içində olduğunu təsdiqləyir: " Qaydaların aşındığı, güc siyasətinin normativ diplomatiyanı sıxışdırdığı bir mərhələdə dövlətlər artıq daha açıq və prinsipial mövqelər sərgiləməyə məcburdurlar.

Bu kontekstdə Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və xüsusilə France 24 kanalına verdiyi müsahibə siyasi baxımdan çoxölçülü əhəmiyyət daşıyır. Birincisi, Azərbaycan liderinin alicənablığıdır ki, adətən ölkəmizə qarşı qərəzli mövqe tutmuş Fransa mediasında öz baxışlarını birbaşa beynəlxalq auditoriyaya çatdırdı. Bu, həm də informasiya müharibəsində diplomatik üstünlükdür.

Dövlət Başçımızın müharibə cinayətləri ilə bağlı Azərbaycanın məhkəmə prosesini Nürnberq ilə müqayisə etməsi hüquqi və tarixi arqumentlərə söykənən güclü siyasi mesaj idi. Burada əsas narrativ ondan ibarətdir ki, ədalət və hüquq prinsipləri selektiv yanaşma ilə tətbiq oluna bilməz. Açıq məhkəmə, beynəlxalq müşahidə imkanları və hüquqi təminatlar - Azərbaycan beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək müharibə caniləri üçün lazımi şərait yaratmışdı. Lakin onları azad etmək Nürnberq prosesindəki faşistləri azad etmək kimidir, hətta daha pisdir.

ABŞ Vitse-prezidenti Ceyms D. Vens ölkəyə səfəri zamanı bu məsələni qaldırdı, ancaq ona Azərbaycanın haqlı mövqeyi izah olundu. Bəli, Azərbaycan ABŞ-dan istədiyi hər şeyi aldı, ancaq bu məsələdə prinsipiallıq qorundu. Budur, İlham Əliyev diplomatiyasının gücü - ABŞ kimi lider ölkə ilə sövdələşmədə belə müvəffəqiyyətlə milli maraqlarımız naminə strateji, gələcəyə-yönəli, düşünülmüş addımlar atır.

Qarabağdan köçən ermənilərin qayıdışı məsələsində Prezidentin mövqeyi balanslı və qarşılıqlı yanaşmaya əsaslanır. Qayıdış hüququna Azərbaycanın universal hüquq kimi yanaşması kontekstində - yüz minlərlə Qərbi azərbaycanlıların taleyinin cənab Prezident tərəfindən gündəmə gətirilməsi beynəlxalq diskursda kənarda saxlanılan mühüm bir ədalətsizliyi siyasi paralellərlə ön plana çıxardı. Qarabağdan köçən ermənilərin inteqrasiyası üçün lazımi şərait yaradılsa da, bugünki Ermənistandan zorla deportasiya olunmuş qərbi azərbaycanlılara heç bir hüquq tanınmamaqla yanaşı, onların çoxsaylı müraciətləri Ermənistan hökuməti tərəfindən cavabsız qalıb.

Fransa–Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən arqumentlər isə Parisin ikili standartlarını açıq şəkildə ifşa edir. Fransanın bir tərəfdən Ukrayna və digər ölkələrin ərazi bütövlüyünü müdafiə edib, digər tərəfdən Qarabağda separatizmi dolayısı ilə dəstəkləməsi ikili yanaşmadan xəbər verirdi. Sonda isə münasibətlərin bundan sonrakı taleyi şərh olunur: “Kopenhagendə ötən il Fransa Prezidenti Makronun dəvəti ilə görüş olub. Görüş müsbət keçib. Azərbaycanın da ən son istəyəcəyi hansısa ölkə ilə probleminin olmasıdır. İki tərəf də münasibətlərin normallaşmasına hazırdı. Yaxın gələcəkdə yenidən görüş ola bilər”. Rəsmi Bakının normallaşmaya açıq mesajlar verməsi Azərbaycanın konstruktiv və praqmatik diplomatiyasının göstəricisidir.

Zəngəzur dəhlizi (TRİPP marşrutu) ətrafında aparılan müzakirələr isə Azərbaycanın regional deyil, qitələrarası strateji aktora çevrildiyini təsdiqləyir. Marta Kos Avropa İttifaqının bu layihədə maraqlı olduğunu bildirib, Naxçıvanın dəmiryolu layihəsinin texniki-iqtisadi qiymətləndirməsi aparılacaqdır. Bu Çindən başlayaraq Avropayadək uzanan ərazidə bütün coğrafiya boyunca ölkələrin bəhrələnəcəyi bir layihədir.

Nəticə etibarilə, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq sistemdə daha açıq, daha prinsipial və daha təsirli aktor kimi çıxış etdiyini ortaya qoydu. İlham Əliyevin diplomatiyası güc, hüquq və praqmatizmin balansına söykənir, bu isə belə çətin geosiyasi dövrdə Azərbaycanın mövqelərini möhkəmləndirən əsas faktordur".