Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Yerin təki haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
SİA xəbər verir ki, dəyişikliklər faydalı qazıntı yataqlarının yerləşdiyi torpaq sahələrinin əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması üçün rekultivasiya tələblərini əhatə edir.
Qanuna əlavə olunması təklif edilən 13-1-ci maddəyə (Yerin təkindən istifadə sahələrinin rekultivasiyası) əsasən, yerin təkindən istifadə edənlər işlərin aparıldığı ərazidə torpağın münbitliyini, digər faydalı xassələrini qorumaq, bərpa etmək və yüksəltmək, həmçinin ətraf mühitin vəziyyətini yaxşılaşdırmaq məqsədilə rekultivasiya planı hazırlamalıdırlar.
Rekultivasiya planı faydalı qazıntıların istismarı və yeraltı qurğuların tikintisi həyata keçirildikdən sonra 3 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim olunmalı və dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə təsdiqlənməlidir.
Plan hazırlanarkən yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmə növü, istismarın dərinliyi, faydalı qazıntının növü və həcminə uyğun rekultivasiya üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və müddəti müəyyən edilir. Həmçinin, aşağıdakı faktorlar nəzərə alınacaq:
torpağın münbit qatının həcmi və götürülmüş torpağın toplandığı ərazi;
faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;
ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;
süxurların saxlanılma dövründə xüsusiyyətlərinin dəyişmə ehtimalı və ətraf mühitə təsiri;
yeraltı suların çirklənməsinin qarşısının alınması;
faydalı qazıntıların istismar müddəti;
bərpa üsulları və ardıcıllığı;
bərpa müddəti.
Yerin təkindən istifadə sahələrinin rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.