Azərbaycan–Serbiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir -DEPUTAT DANIŞDI

16 Fevral 2026 16:11 (UTC+04:00)

”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son dövrlərdə Almaniya və Serbiyaya həyata keçirdiyi səfərlər ölkələr arasında formalaşmış sağlam və etimada əsaslanan münasibətlərin, eyni zamanda Azərbaycan dövlət başçısının sülhə və beynəlxalq əməkdaşlığa verdiyi strateji əhəmiyyətin bariz göstəricisidir”. Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, bu səfərlər Azərbaycanın balanslı, praqmatik və konstruktiv xarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər:

“Xüsusilə Azərbaycan–Serbiya münasibətləri son illər yüksələn xətt üzrə inkişaf edir və bu əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, siyasət, turizm və digər sahələri əhatə edən geniş spektrə malikdir. Tərəflər arasında imzalanmış çoxsaylı mühüm sənədlər iki ölkə arasında tərəfdaşlığın institusional əsaslar üzərində qurulduğunu göstərir. Bu münasibətlərin möhkəmlənməsində dövlət başçıları arasında formalaşmış şəxsi etimad və dostluq münasibətləri də mühüm rol oynayır. Aleksandar Vuçiçin Azərbaycana etdiyi səfərlər və Prezident İlham Əliyevlə qarşılıqlı hörmətə əsaslanan dialoqu iki ölkənin gələcək inkişaf perspektivləri üçün əlverişli zəmin yaradır.

Əməkdaşlığın prioritet istiqamətlərindən biri də kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsidir. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, onların təhlükəsizliyinin təmin edilməsi, idxal və ixrac potensialının genişləndirilməsi, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsulların istehsalı qarşıda duran əsas vəzifələr sırasındadır. Azərbaycan və Serbiya arasında qida təhlükəsizliyi sahəsində imzalanmış saziş məhz bu strateji məqsədlərə xidmət edir və iki ölkə arasında bu sahədə koordinasiyalı fəaliyyət üçün hüquqi baza yaradır.

Müasir dövrdə sağlam və keyfiyyətli qida məhsullarının istehsalı və dövriyyəsi olmadan nə ərzaq təhlükəsizliyinin təmin edilməsi, nə də əhalinin sağlamlığının qorunması mümkündür. Bu baxımdan “sağlam qida – sağlam gələcək” prinsipi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Qida təhlükəsizliyi üzrə imzalanan sazişlər yalnız iqtisadi deyil, eyni zamanda sosial və humanitar baxımdan da xüsusi əhəmiyyət daşıyır və insanların sağlamlığının qorunmasına birbaşa töhfə verir.

Azərbaycan bu sahədə təkcə Serbiya ilə deyil, bir sıra digər ölkələrlə də əməkdaşlıq əlaqələri qurmuşdur. Qida təhlükəsizliyinin təmin edilməsi bir çox xəstəliklərin qarşısının alınması baxımından dövlətlər üçün prioritet məsələ olaraq qalır. Eyni zamanda bu əməkdaşlıq iqtisadi əlaqələrin genişlənməsinə, regional və beynəlxalq ticarət dövriyyəsinin artmasına şərait yaradır. Keyfiyyətli qida məhsullarının idxalı və ixracı ölkələrə öz əhalisini daha yüksək standartlara cavab verən məhsullarla təmin etmək imkanı verir və bu proseslər xalqlar arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə də müsbət təsir göstərir.

Son illərin statistik göstəriciləri Azərbaycanın kənd təsərrüfatı sektorunda dinamik inkişaf etdiyini və bir sıra məhsulların ixracında mühüm nəticələr əldə olunduğunu göstərir. Paralel olaraq ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu isə əhalinin sağlamlığının qorunması, sosial rifahın yüksəldilməsi və uzunmüddətli davamlı inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir”.