"Azərbaycan-Serbiya münasibətləri uzun illərdir qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya son səfəri isə bu münasibətlərin yeni mərhələyə keçidinə zəmin yaratmışdır".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, səfər çərçivəsində Azərbaycanın digər tərəfdaş ölkələrlə formalaşdırdığı yeni əməkdaşlıq modeli Serbiya ilə münasibətlərdə də öz təsdiqini tapdı: "Hər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Görüşlər zamanı verilən açıqlamalar göstərdi ki, Azərbaycan və Serbiya arasında yüksək etimada əsaslanan münasibətlər mövcuddur.
Bu əməkdaşlıq iqtisadiyyat, ticarət, investisiya və sənaye sahələrini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı siyasi və hüquqi dəstəyi əhatə edir. Eyni zamanda kənd təsərrüfatı, enerji, infrastruktur və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı konkret niyyətlər ifadə olundu.
Serbiyanın coğrafi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Avropanın mərkəzinə yaxın yerləşən və Aralıq dənizi hövzəsinə çıxış imkanları olan bir ölkə kimi Serbiya ilə strateji əməkdaşlığın gücləndirilməsi Azərbaycanın Avropa ilə münasibətlərinə əlavə töhfə verir. Baxmayaraq ki, Serbiyanın bəzi Avropa strukturları ilə münasibətlərində müəyyən çətinliklər mövcuddur, bu hal Azərbaycan-Serbiya tərəfdaşlığının inkişafına mane olmur.
Ümumilikdə, Azərbaycan-Serbiya münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda geniş əməkdaşlıq tarixinə malikdir. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində yeni mərhələyə yüksəldilməsi baxımından son səfər xüsusilə əlamətdar və məhsuldar kimi qiymətləndirilə bilər".