AB Ukraynanın üzvlüyü üçün tarix təyin etməyə hazır deyil. SİA-ya xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas üzv dövlətlərin hələ Ukraynaya üzvlüyü üçün konkret tarix verməyə hazır olmadığını etiraf edib.
"Mənim fikrimcə, üzv dövlətlər konkret tarix təyin etməyə hazır deyillər", Kallas panel müzakirəsi zamanı qeyd edib. Onun sözlərinə görə, hələ çox iş görülməlidir, lakin "Ukraynanın Avropanın bir hissəsi olduğunu" göstərmək üçün irəliləmək prioritet və təcili ehtiyac olaraq qalır.
Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri ABŞ-ın Avropaya qarşı tənqidlərinə qarşı çıxıb və Avropa sivilizasiyasının tənəzzülü iddialarını rədd edib.
Bu bəyanat ABŞ Dövlət Katibi Marko Rubionun şənbə günü etdiyi çıxışa cavab idi. O, Amerika və Avropanı "ayrılmaz şəkildə əlaqəli" adlandırsa da, eyni zamanda qitəni "sivilizasiyasını" xilas etmək üçün özünü kütləvi miqrasiyadan daha möhkəm qorumağa çağırırdı.
Eyni zamanda, Kallas AB-nin müdafiə qabiliyyətinin və nəticədə geosiyasi çəkisinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Əvvəllər bir çox Avropa siyasətçisi və rəsmisi ABŞ prezidenti Donald Trampın siyasətinin gözlənilməzliyi fonunda qitəni öz müdafiəsi üçün daha böyük məsuliyyət daşımağa çağırmışdı.
"Avropa suverenliyinin bərpasına təcili ehtiyac var", - deyən AB-nin yüksək vəzifəli diplomatı əlavə etdi ki, Avropa təhlükəsizliyi "Ukraynadan başlayır".
Müharibəyə son qoyulmasının vacibliyini xatırladan Kallas Rusiyaya ayıq baxışla yanaşmağa çağırdı.
"Gəlin Rusiyaya ayıq baxaq. Rusiya supergüc deyil", - deyə o qeyd etdi və təcavüzkar ölkəni "sınmış" adlandırdı. O hesab edir ki, hazırda ən böyük təhlükə Rusiyanın "danışıqlar masasında döyüş meydanında əldə etdiyindən daha çox şey qazana" bilməsidir.
Xatırladaq ki, AB gələn ilin əvvəlində Ukraynaya sürətləndirilmiş üzvlük imkanı verməyi düşünür. Bu plan "tərs genişlənmə" adlandırılıb.