Sahuru yemədən oruc tutmaq – günahdır? - İLAHİYYATÇI DANIŞDI

16 Fevral 2026 15:03 (UTC+04:00)

"Sahura durmadan oruc tutmaq məsələsi İslam dinində tez-tez müzakirə olunan mövzulardandır. Orucun əsası imsakdan iftara qədər olan müddətdə yemək, içmək və digər orucu pozan hallardan çəkinməkdir. Sahur yeməyi isə vacib deyil, lakin sünnət hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib.

Onun sözlərinə görə, Peyğəmbərimiz (s.ə.v) sahuru yeməyi tövsiyə etmiş, hətta sahurun faydaları və orucu asanlaşdırması barədə əhəmiyyətli hədislərdə qeyd etmişdir: "Sahuru yeməmək qadağan olmasa da, bəzi hallarda oruc tutan şəxsin sağlamlığı və ibadətin düzgünlüyü üçün çətinlik yarada bilər. Xüsusilə uşaqlar, yaşlılar, xəstələr və ağır fiziki işlə məşğul olan şəxslər üçün sahurun atlanması orucun düzgün tutulmasına mane ola bilər. Sahur, gün ərzində enerjini qorumaq, diqqəti saxlamaq və ibadət zamanı daha hazırlıqlı olmaq baxımından mühüm rol oynayır. Sahuru yeməmək günah sayılmasa da, sünnətə əməl etmək mömin üçün həm dini məsuliyyəti artırır, həm də gündəlik fəaliyyət və ibadətləri daha rahat həyata keçirməyə kömək edir. Sahur həm fiziki, həm də ruhi hazırlıq baxımından orucun tam şəkildə mənimsənilməsinə yardım edir. Peyğəmbərin tövsiyələrinə əməl etmək, möminin ibadət keyfiyyətini artırmaqla yanaşı, savabını da çoxaldır. Bu baxımdan, sahura durmaq və müvafiq şəkildə yemək orucu daha rahat və faydalı etmək üçün tövsiyə olunur, lakin bəzi hallar nəzərə alınaraq sahuru yemədən də oruc saxlamaq mümkündür. Hər kəs öz sağlamlıq vəziyyətinə və gündəlik fəaliyyətinə uyğun qərar verməlidir".