“Fevralın 14-də Münhendə baş tutan prezident İlham Əliyev– Volodimr Zelenski görüşü, ilk baxışda humanitar dialoq kimi görünməsinə baxmayaraq, əslində daha geniş siyasi və mənəvi kontekstə malikdir”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, Zelenskinin ukraynalı uşaqlara göstərilən diqqəti vurğulaması təsadüfi deyil; müharibənin ən ağır yükünü mülki əhali, xüsusilə də uşaqlar daşıyır:
”Bu baxımdan Azərbaycanın siyasi maraqlardan kənar, insani prinsiplər əsasında verdiyi dəstək Kiyev tərəfindən yüksək qiymətləndirilir. Bu fakt, Azərbaycanın münaqişələrə yanaşmasında humanitar xəttin strategik önəmini bir daha ortaya qoyur.
Görüş həmçinin Azərbaycanın beynəlxalq imicinə mühüm mesaj verir. Bakı bir daha nümayiş etdirir ki, o, regional və qlobal proseslərdə yalnız siyasi və geosiyasi maraqlar prizmasından çıxış etmir, eyni zamanda humanitar dəyərləri də prioritet hesab edir. Münhen kimi nüfuzlu qlobal təhlükəsizlik platformasında baş tutan dialoq, Azərbaycanın balanslı və prinsipial xarici siyasətinin davamı kimi qiymətləndirilə bilər.
Eyni zamanda, bu görüş Ukrayna üçün də əhəmiyyətli siyasi və humanitar siqnal xarakteri daşıyır. Kiyev beynəlxalq müstəvidə tək olmadığını, humanitar sahədə real dəstək alan tərəf olduğunu nümayiş etdirir. Bu mənada görüş həm simvolik, həm də praktik əhəmiyyətə malikdir və hər iki tərəfin diplomatik və humanitar mesajlarını paralel şəkildə çatdırır.
Münhendə baş tutan görüş Azərbaycanın xarici siyasət strategiyasının humanitar elementlərlə tamamlanmasını, regional və qlobal diplomatiyada prinsipial və balanslı mövqeyini təsdiqləyir və eyni zamanda beynəlxalq arenada ölkənin nüfuzunu gücləndirir”.