Paşinyan üçün ƏSAS ŞƏRT – Konstitusiyanı dəyiş, sülh imzalayaq!

16 Fevral 2026 14:01 (UTC+04:00)

Mətləb Salahov: “Ermənistanda Konstitusiya dəyişikliyi olmasa, Sülh Müqaviləsinin imzalanması mümkünsüzdür”

“Hazırkı Ermənistan hökumətinin rəsmi İrəvanı iqtisadi böhrandan və sosial fəlakətdən qurtarmaq üçün Azərbaycanla əlaqələrə üstünlük verməsi və bu məsələdən daxili siyasətdə öz xeyri üçün istifadə etməsi başadüşüləndir. Lakin məsələ real sülhə gəlincə, hələ ki, Nikol Paşinyan hökumətinin ciddi bir addımına şahidlik etməmişik. Bunun əvəzində Azərbaycan neft məhsulları və taxıl dolu qatarları Ermənistana buraxmaqla, əslində, olduqca mühüm humanitar addım atmış oldu. Bu, həm də iki ölkə arasındakı əlaqələr və cəmiyyətlərin sülhə hazırlanması baxımından da önəmli hadisədir.
Lakin rəsmi Bakının bu addımları qarşılıqsız qalacaqsa, üstəgəl N.Paşinyan bu prosesdən ancaq seçkiöncəsi öz nüfuzunu yüksəltmək üçün istifadə edəcəksə, o zaman real sülh barədə danışmaq hələ tezdir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, TRIPP layihəsi işə düşsə belə, bu, rəsmi sülh müqaviləsi üçün yetərli deyil. “Azərbaycan Prezidenti İlham Əliyev də Münxen Təhlükəsizlik Sammitində bu məsələyə toxunub. Prezident vurğulayıb ki, Azərbaycanın mövqeyi artıq Ermənistan tərəfinə açıq şəkildə çatdırılıb: “Ermənistanın Konstitusiyasına dəyişikliklər edilməlidir. Bu dəyişikliklər edilən kimi sülh müqaviləsini növbəti gün imzalaya bilərik”. Artıq bu, rəsmi Bakının hazırkı Ermənistan hakimiyyətinə olan əsas şərtidir. N.Paşinyan və komandası sülh istəyirsə, ilk olaraq Azərbaycana qarşı ərazi iddiaları ilə dolu hazırkı Konstitusiyasına “əl gəzdirməlidir”. Ermənistan Konstitusiyası dəyişilməsə, sülh müqaviləsinin imzalanması mümkünsüzdür”.
Afət Tahirqızı