“Prezident İlham Əliyev Münhen müsahibəsində Azərbaycanın xarici siyasət və mövqeyini izah etdi -ŞƏRH OLUNDU

16 Fevral 2026 14:00 (UTC+04:00)

Fevralın 13-də Münhendə Azərbaycan telekanallarına verdiyi müsahibədə Cənab prezident İlham Əliyev Azərbaycanın xarici siyasət kursunu, regional və qlobal proseslərə yanaşmasını, eləcə də post-münaqişə dövründə formalaşan yeni geosiyasi reallıqları konseptual şəkildə təqdim etmişdir”. Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə, müsahibə bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqaz miqyasında deyil, daha geniş beynəlxalq müstəvidə fəal, təşəbbüskar və etibarlı tərəfdaş kimi çıxış edir:

”Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın post-münaqişə mərhələsində xarici siyasətinin əsas prioritetlərinin sülh, əməkdaşlıq və regional sabitliyin möhkəmləndirilməsi üzərində qurulduğunu göstərir. Prezident açıq şəkildə vurğuladı ki, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması rəsmi sənədlərlə məhdudlaşmamalı, real siyasi və hüquqi əsaslara söykənməlidir. Bu kontekstdə Ermənistanla sülh müqaviləsinin artıq faktiki olaraq mövcud olduğu, lakin davamlı və institusional sülh üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruri olduğu qeyd edildi. Bu mövqe həm daxili ictimaiyyətə, həm də beynəlxalq tərəfdaşlara ünvanlanan aydın siyasi mesaj kimi qiymətləndirilə bilər.

Müsahibədə beynəlxalq hüququn mövcud vəziyyəti və qlobal münasibətlər sistemində müşahidə olunan transformasiyalar da diqqət mərkəzində saxlanıldı. Prezident beynəlxalq münasibətlərin yeni reallıqlara uyğunlaşdırılmasının vacibliyini vurğulayaraq, daha çevik və funksional mexanizmlərin formalaşdırılmasına ehtiyac olduğunu bildirdi. Bu yanaşma Azərbaycanın qlobal proseslərdə yalnız müşahidəçi deyil, eyni zamanda konstruktiv təşəbbüslərlə çıxış edən fəal aktor olduğunu nümayiş etdirir.

Xüsusi diqqət enerji, nəqliyyat, informasiya texnologiyaları və süni intellekt sahələrinə yönəldildi. Müsahibədə Azərbaycanın Şərq ilə Qərb arasında strateji körpü funksiyasını yerinə yetirdiyi, beynəlxalq enerji və nəqliyyat dəhlizlərində mühüm mövqeyə malik olduğu elmi-analitik çərçivədə əsaslandırıldı. Enerji resursları və regional infrastruktur layihələrinin yalnız milli iqtisadi inkişafa deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə və regional sabitliyə mühüm töhfə verdiyi xüsusi vurğulandı.

Nəqliyyat və kommunikasiya sahəsində həyata keçirilən layihələrin Azərbaycanın geosiyasi çəkisini artırdığı, ölkəni regionun əsas iqtisadi və logistik mərkəzlərindən birinə çevirdiyi qeyd edildi. Bu məqam beynəlxalq tərəfdaşlar üçün Azərbaycanın regional və qlobal layihələrdə əsas oyunçu statusunu bir daha təsdiqləyir.

Müsahibənin təsiri həm daxili, həm də beynəlxalq auditoriya baxımından əhəmiyyətlidir. Daxili ictimaiyyət üçün bu çıxış post-münaqişə dövründə əldə olunmuş siyasi və diplomatik uğurların sistemli təqdimatı olmaqla milli həmrəyliyi və dövlət siyasətinə ictimai dəstəyi gücləndirir. Beynəlxalq tərəfdaşlar üçün isə müsahibə Azərbaycanın dialoqa açıq, sülhə sadiq və enerji, nəqliyyat, informasiya sahələrində etibarlı strateji tərəfdaş olduğunu nümayiş etdirən mühüm siyasi siqnal xarakteri daşıyır.

Ölkə başçısının Münhen müsahibəsi Azərbaycanın post-münaqişə dövründə aktiv diplomatiya xətti apardığını, regional sabitliyi və qlobal əməkdaşlığı əsas prioritet kimi müəyyənləşdirdiyini, eləcə də enerji və infrastruktur potensialını effektiv geosiyasi alət kimi istifadə etdiyini elmi-publisistik baxımdan aydın şəkildə ortaya qoyur”.