"Qəbul imtahanlarında abituriyentlər birmənalı şəkildə bilməlidirlər ki, köçürmə hallarına qətiyyən yol vermək olmaz. Çünki Dövlət İmtahan Mərkəzi hər hansı imtahanda köçürmə faktını müəyyən etdiyi təqdirdə həmin abituriyenti ümumilikdə qəbul prosesindən kənarlaşdırır".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
.jpg)
Onun sözlərinə görə, təkcə bir imtahanın nəticəsi ləğv edilmir, abituriyent bütövlükdə qəbul prosesində iştirak hüququnu itirir: "Bu məsələni bütün abituriyentlər ciddi şəkildə nəzərə almalı və belə hallara meyil etməməlidirlər. Təəssüf ki, hər il bu kimi hallarla rastlaşırıq. Bəzi abituriyentlər bunu bilərəkdən edir, bəziləri isə riskin miqyasını tam dərk etmədən köçürməyə cəhd göstərirlər və müxtəlif üsullarla nəticə əldə etməyə çalışırlar.
Mənim müşahidəmə görə, bu hallar daha çox məzun abituriyentlər arasında baş verir. Bir neçə il ali təhsil müəssisəsinə qəbul ola bilməyən bəzi şəxslər bunu çıxış yolu kimi görürlər. “Onsuz da nəticəm yoxdur, tutulmasam müəyyən bal toplayaram” düşüncəsi ilə riskə gedirlər. Bəziləri isə bunun cinayət məsuliyyəti yaratmadığını əsas gətirərək belə addım atırlar. Lakin qəbul prosesindən kənarlaşdırılmaq özü kifayət qədər ciddi sanksiyadır və gələcək imkanlara mənfi təsir göstərir.
Ən vacib məqam isə budur ki, köçürmə yolu ilə nəticə əldə etmək digər abituriyentlərin hüquqlarını pozmaq deməkdir. Çünki saxta yolla yüksək bal toplayan şəxs başqa bir abituriyentin haqq etdiyi yerə qəbul ola bilər. Bu isə həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir. Belə davranış ədalət prinsipinə və insanlıq dəyərlərinə ziddir. Dövlət İmtahan Mərkəzi bu barədə dəfələrlə rəsmi xəbərdarlıq edib və köçürmə hallarının ciddi nəticələrə səbəb olacağını bildirib. Buna baxmayaraq, bəzi abituriyentlər hələ də risk etməyə çalışırlar. Bunun səbəbləri arasında valideyn təzyiqi, yüksək bal toplamaq istəyi və ya uzun illər qəbul ola bilməməyin yaratdığı psixoloji gərginlik də ola bilər.
Lakin ümumi olaraq qeyd etməliyik ki, bu cür yanaşma tamamilə yanlışdır və arzuolunan hal deyil. Ən doğru yol imtahanda dürüst və ədalətli şəkildə iştirak etmək, nəticəni isə öz zəhməti ilə qazanmaqdır".