"UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın xeyli güclü və fiziki cəhətdən üstün rəqib olan İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşması ciddi sınaqdır. İngiltərə Premyer Liqasında çıxış edən komandalar oyun tempi, fiziki güc və intensiv pressinq baxımından Avropanın ən güclü kollektivləri sırasındadır". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.
Onun sözlərinə görə, “Nyukasl”ın kağız üzərində favorit olduğunu demək olar: "Bununla belə, “Qarabağ” son illərdə Avropa kuboklarında topladığı təcrübə ilə rəqiblər üçün asan komanda olmadığını dəfələrlə sübut edib. Komandanın ən böyük üstünlüyü oturuşmuş oyun sistemi, baş məşqçi Qurban Qurbanovun taktiki intizamı və kollektiv oyun fəlsəfəsidir. “Qarabağ” xüsusilə doğma meydanda azarkeş dəstəyi altında daha inamlı və motivasiyalı çıxış edir ki, bu da ilk oyunda komanda üçün mühüm psixoloji üstünlük yarada bilər. Bu cütlükdə əsas amillərdən biri düzgün taktiki yanaşma olacaq. “Qarabağ”ın açıq və riskli futbol oynaması arzuolunan deyil. Daha kompakt müdafiə, sürətli əks-hücumlar və standart vəziyyətlərdən maksimum istifadə etmək komandanın əsas silahları ola bilər. Eyni zamanda, ilk oyunda qol buraxmamaq və ya minimal fərqlə qalib gəlmək cavab görüşü üçün şansları artıran mühüm nəticə sayılacaq.
Digər vacib məqam isə fiziki dözümlülük və oyun intizamıdır. İngiltərə klubları matç boyu yüksək temp saxladığı üçün “Qarabağ” futbolçularının konsentrasiyanı son dəqiqələrə qədər qoruması həlledici rol oynaya bilər. Əgər komanda oyun planına sadiq qalsa və fərdi səhvlərə yol verməsə, sensasiya xarakterli nəticə əldə etmək mümkündür. Ümumilikdə, “Nyukasl” favorit sayılsa da, “Qarabağ”ın Avropa təcrübəsi, taktiki nizam-intizamı və doğma meydan amili bu qarşılaşmanı düşündüyümüzdən daha gərgin və maraqlı edə bilər. Futbolda hər şey meydanda həll olunur və düzgün strategiya ilə Azərbaycan çempionunun bu mərhələdə real şanslarının olduğunu söyləmək olar.